Rapoportun Qaydaları

Tənqid və onun qəbulu hər bir sahədə mənalı münasibətlərin, alış-verişin, dəyişikliyin və inkişafın təməlində durur. Amma yenə də, hər şeydə olduğu kimi, tənqid etməyin, qəbul etməyin də müəyyən qaydalarından söhbət aça bilərik: “fikirləri necə səmərəli şəkildə bir-birilə toqquşdurmalı?” sualına müəyyən cavablar və səmərələşdirici təkliflər vermək mümkündür. Bu tipli “meta” məsələlər çox adama təəssüf ki, maraqlı olmasa da, düşünürəm ki, bu qaydaları ciddiyə alıb müzakirələrdə istifadə etmək müzakirələrin keyfiyyətinin və kəsərinin artmasına gətirib çıxara bilər. Burada təqdim etdiyimiz Rapoportun qaydaları filosof Daniel Dennettin İntuisiya Nasosları (2013) adlı kitabından tərcümə olunub və oxucuya səmərəli tənqid prosesi üçün bir sıra qaydalar təklif edir.


Bir rəqibinizin fikrini tənqid edərkən tam olaraq nə qədər əliaçıq olmalısız? Əgər rəqibinizin dediklərində açıq-aşkar təzadlar varsa, onları təbii ki, əzmlə göstərməlisiz. Əgər müəyyən qədər gizli təzadlar varsa, onda o təzadları diqqətlə ortaya çıxarmalı və daha sonra məhv etməlisiz. Lakin gizli təzad axtarışı adətən “nitpicking”ə (yəni, tənqid etmək məqsədilə ancaq lazımsız xırda detallara fokuslanmağa), dəniz vəkilliyinə 1 və — daha öncə də gördüyümüz kimi — bildiyin parodiyaya çevrilə bilir. Axtarışın verdiyi həyəcan və rəqibinizin mütləq hardasa səhvə yol vermiş olduğu inancı amansız şərhə təşviq edir ki, belə bir şərh də sizə hücum etmək üçün asan hədəf yaradır. Lakin belə asan hədəflər çox vaxt əldəki real məsələlərə aidiyyatsız olur və tərəfdarlarınızı əyləndirsə də, hamının vaxtını və səbrini nahaq yerə sərf edir. Rəqibin fikrinin karikaturalaşdırmaq əleyhinə tapdığım ən yaxşı padzəhər illər öncə sosial psixoloq və oyun nəzəriyyəçisi Anatol Rapoport (Robert Axelrodun əfsanəvi məhbuslar dilemması müsabiqəsindəki qalib tit-for-tat strategiyasının yaradıcısı) tərəfindən məşhurlaşdırılan qaydalar siyahısıdır 2.

Belə bir uğurlu tənqidi necə quraşdırmalı:

  1. Hədəfinizin fikrini elə aydın, parlaq və ədalətli şəkildə yenidən ifadə etməyə çalışmalısız ki, o özü “çox sağ ol, bunu bu formada demək heç özümün ağlına gəlməmişdi” desin.
  2. Onunla razılaşdığınız nöqtələri qeyd etməlisiniz (xüsusilə də, bu nöqtələr hamı tərəfindən qəbul olunan şeylər deyilsə).
  3. Hədəfinizdən öyrəndiyiniz şeyləri bir-bir sadalamalısınız.
  4. Ancaq bundan sonra deyiləni tənqid və ya təkzib eləməyə icazə verilir.

Bu qaydalara riayət etmənin ən ilkin effekti odur ki, rəqibiniz tənqidinizə qulaq verəcək dinləyici olacaq: artıq onların mövqelərini onlar qədər başa düşdüyünüzü göstərmisiz və yaxşı mühakimə qabiliyyəti nümayiş etdirmisiniz (bəzi vacib məsələlərdə onlarla razılaşırsız və dediklərindən nəyisə qəbul etmisiz).

Ən azından mənim üçün Rapoportun qaydalarına riayət etmək həmişə bir az əziyyətlidir. Sözün açığı, bəzi hədəflər belə hörmətə layiq deyillər və — qəbul edirəm ki — onları şişə taxıb qızartmaq daha çox ləzzət edir. Lakin, yeri gələndə və işləyirsə, alınan nəticə çox fərəhləndiricidir. Azadlıq Təkamül Edir (Freedom Evolves) adlı kitabımda Robert Kane-in (1996) uyuşmazçılığına (ing. incompatiblism) (azad iradə ilə bağlı qətiyyən razılaşmadığım bir mövqe) bacardığım qədər əliaçıq şərh verməyə çalışdım və fəslin ilkin qaralamasını ona göndərdikdən sonra aldığım cavab mənim üçün çox dəyərli oldu:

…fərqliliklərimizə baxmayaraq, çox xoşuma gəldi. Mövqeyimin şərhi adətən tənqidçilərdən alınandan çox daha ətraflı və ədalətlidir. Mövqeyimin mürəkkəbliyini və çətin suallara cavab axtarışında çəkdiyim zəhməti oxuculara çatdırırsan, bir kənara itələmirsən. Buna və ətraflı şərhə görə minnətdaram.

Rapoport-əsaslı diqqətimin digər alıcıları Kane ilə müqayisədə daha az mehriban olublar. Bəzi hallarda ədalətli tənqidə qatlaşmaq daha çətindir. Unutmaq lazım deyil ki, müəllifin mövqeyinin müdafiə oluna biləcək yozmasını tapmaq üçün edilmiş qəhrəmancasına cəhdlər uğursuzluqla nəticələnərsə, bu, hirsli baltalamaqdan daha sarsıdıcı olur. Bunu hamıya tövsiyə edirəm.

Mənbə

Dennett, D. C. (2013). Rapoport’s Rules. Intuition pumps and other tools for thinking. WW Norton & Company.

Qeydlər

1) Dəniz qanunları gizli tələlər və qaçış bəndləri ilə dolu olub, ancaq ekspert dəniz vəkilinin baş aça biləcəyi qədər həddən artıq mürəkkəbdir. Dəniz vəkilliyi rəsmiyyətdən istifadə edib məsuliyyətdən qaçmaq və ya günahı başqasının boynuna atmaqdır.

2) Axelrod müsabiqəsi (Axelrod və Hamilton, 1981; Axelrod, 1984) altruizmin təkamülünü öyrənən aktiv bir tədqiqat sahəsini başlatmışdır. Bu haqda Darwinin təhlükəli ideyasında (Dennett, 1995, səh. 479-480) giriş vermişəm və təzəlikcə, bu mövzuda dünyanın müxtəlif yerlərindəki laboratoriyalardan həm simulyasiya, həm də təcrübə variasiyalarının partlayışı olmuşdur. Rapoportun “məni vurmasan, səni vurmayacam” ideyasını heyrətamiz dərəcədə sadə həyata keçirməsi, ondan sonra gələn araşdırmalar və modellər üçün toxum rolunu oynamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Axtarmaq istədiyiniz şeyi yazıb, Enter düyməsinə basın. Çıxmaq üçün Esc düyməsinə basın.

Yuxarı qayıt