Qarşılaşmalar

Qarşılaşmalar

Bəlkə də bir gün boş vaxtınız olanda, “maraqlı nəsə eləmək istəyirəm” deyəndə, sizə ideya verəcək bir yerin olmasını istəmisiniz. Bəlkə də istəməmisiniz. Hər bir halda yadlaşma deyilən şey realdır. Bura, yadlaşmış insanlar üçündür.
T1: Çox inandığınız bir mövqeyinizə qarşı 100 sözlük kəsərli bir əks-arqument yazmağa çalışın.
T2: Evinizin qabağındakı səkidən çıxan balaca bitkilərin adlarını öyrənin (herbari də düzəltmək olar).

T3: Növbəti 10 gün ərzində hər gün 3 dəfə havanın necə olduğunu bir dəftərdə qeyd edin. Çox xoşunuza gəlsə, Billy Barr kimi növbəti 40 il bunu etməyə davam edin.
T4: İşlərini bəyəndiyiniz bir elm adamına məktub yazıb, işlərini niyə bəyəndiyinizi izah edin (Google Translate-dən istifadə etməkdən çəkinməyin, burada utanmalı heç nə yoxdur).

T5: Ətrafınızda bir əşya seçib kamera ilə onu 10 cm, 0.5 m, 2.5 m və mümkünsə, 7.5 m-dən çəkin və hər bir məsafədə əşya ilə bağlı yeni bir müşahidə edin.
T6: Müəyyən bir dairənin çevrəsindəki nöqtələrin x və y koordinatlarını təmsil edən 20×2-lik bir matris düzəldin. Daha sonra bu matrisi fərqli 2×2-lik matrislərlə vurub aldığınız yeni 20×2-lik matrisə səpmə diaqramında baxın. Bunun niyə belə olduğu ilə bağlı düşünün.

T7: Yaşadığınız şəhərin bütün küçələrinin səslərini yazıb arxiv yaratmağa başlayın. Səsin nə vaxt yazıldığını da bir yerə qeyd edin.
T8: Bir dostunuzdan sizinlə gəlməyini xahiş edib, onun qolundan tuta-tuta, gözləriniz nə iləsə bağlanmış şəkildə 1 saat gəzin şəhərdə.

T9: Mikroskopa çıxışınız varsa, yaşadığınız ərazidən nümunələr toplayıb, müxtəlif səthlərdə (və ya mayelərdə) yaşayan təkhüceyrəli qonşularınızla tanış olun.
T10: Mikroskopu olan bir nəfərlə dost olmağa çalışın. Tapa bilmirsinizsə bir dostunuzla birlikdə mikroskop alın. Ala bilmirsinizsə, eybi yoxdur.

T11: Qonşuluqda göyərçin saxlayan biri varsa, göyərçinlərlə bağlı bütün suallarınızı ona verin. Adam yoxdursa, o adamı, suallar yoxdursa, sualları tapın.
T12: Telefondakı kameranızla time-lapse fotolar çəkməyi öyrənin. Otağınızı bir gün içərisində çəkin.

T13: Stolunuzun üstündəki 3 əşyanın istehsal prosesini əvvəldən axıra qədər öyrənin.
T14: Sahib olmadığınız bir kitabı Library Genesisdən yükləyib, çap edin, daha sonra kitab formasında tikin. Artıq o kitaba sahibsiniz.

T15: Quşların olduğu bir parkda oturub mühitdən gələn səsləri dinləyərək həmin anda ətrafda neçə növ fərqli quşun olduğunu təxmin etməyə çalışın.
T16: Tanıdığınız bir riyaziyyatçıdan nəyə görə riyaziyyatçı olmağa qərar verdiyini soruşun. Tanıdığınız riyaziyyatçı yoxdursa, bir riyaziyyatçı tanıyın.

T17: Bir dostunuzla eyni vaxtda eyni kitabı oxuyun. Əgər bu mümkün deyilsə, elə eləyin ki, mümkün olsun.
T18: Azərbaycan dilindəki söz kökləri və şəkilçilərdən istifadə edib 3 yeni isim düzəltməyə çalışın. Bunun arasıra təkrar edib, yeni isimlər lüğətinizi yeni bir dəftərdə toplayın.

T19: Bir əşya götürüb ondan neçə fərqli səs çıxara biləcəyinizi yoxlayın. Fərqli səslərin çıxması üçün fərqli növ sürtünmələr baş verməlidir.
T20: Torpaq səthinin açılıb yer altındakı boruların və naqillərin ortaya çıxdığı tikinti və ya təmir ərazisinə gedib işə baxın, boruların nə olduğunu fasilə vaxtı işçilərdən soruşun.

T21: Bir neçə dostunuzla birlikdə şəhərdə arxa-arxaya gedərək gəzməyə çalışın.
T22: Heç kəsin artıq oxumadığı bir jurnalı götürüb, jurnalın içindəki qadın fiqurlarını kəsin. Daha sonra o fiqurların hamısını bir kollaj şəklində bir müstəviyə yerləşdirin.

T23: Növbəti yeməyinizi Chris Morocco kimi gözübağlı yeyib, tərkibindəki inqrediyentləri (o cümlədən, ədviyyatları) təxmin eləməyə cəhd edin. Daha sonra yeməyi bişirən adamdan təxminlərinizin nə qədər düzgün olduğunu soruşun.
T24: Pomidor turşusu bağlamağı və onun biologiyasını öyrənin.

T25: Taxtanı qayığa çevirməyi öyrənin və düzəltdiyiniz qayıqla Mingəçevirdən Neftçalaya gəlin.
T26: Yaşadığınız ərazidəki torpağın növü və xassələri haqda öyrənməyə çalışın. Ətrafınızdakı torpaq korlanıbmı? Əgər korlanıbsa hansı formada onu əvvəlki halına qaytarmaq olar? Yaxınlığınızdakı kiçik də olsa bir torpaq sahəsinə xidmət edin. Torpağı xilas edə bilsəniz, orada həmin torpaqda yaşamağa uyğunlaşmış bir bitki əkin.
6

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt