Qərəz və Kontrol Təcrübələr

Ümid edirik ki, artıq birinci yazını oxumuş və ilkin elmi ədəbiyyat araşdırmanızı aparmısınız. Ya da, ən azından, heyvanlar üzərində aparılan araşdırmaların əhəmiyyətini daha dərindən qiymətləndirməyə başlamısınız. Lap əla! Gəlin onda ahəngi pozmayaq və heyvanlar üzərində aparılan araşdırmalar mövzusu ilə davam edərək başladığımız işi tamamlayaq.


Qərəz

Elə ilk yazıdaca vurğuladığımız kimi, araşdırmaların aparılması zamanı tədqiqatçıları narahat edən ən əsas məqamlardan biri qərəzdir. Qərəzli sayılan araşdırmadan alınan nəticə bir qayda olaraq keçərsiz sayılır və gələcəkdə belə nəticələrə qəti surətdə istinad edilmir. Təbii ki, qərəzin belə xoşagəlməz mövqeyi fikrimizdə müəyyən sualların formalaşmasına gətirib çıxarır: qərəz nədir, nələr qərəzə yol açır və yaxud da, qərəz nələrə yol açır, qərəzi aradan qaldırmağın yolları nələrdir və s.

Gəlin bu suallara sıra ilə cavab verməyə çalışaq. İlk növbədə qərəzin nə olduğunu aydınlaşdıraq. Qərəz öyrənilən sistemin özünə xas olan xüsusiyyətlərdən, yaxud da, təcrübələrin aparılmasında istifadə edilən metodologiyadan irəli gələn səbəblərə görə araşdırma əsnasında ortaya çıxan qeyri-obyektivliklərdir. Belə olduğu halda, əldə edilən nəticələrin təcrübi manipulyasiyalara, və yaxud hansısa texniki nasazlığa əsaslandığını qətiyyətlə demək mümkün olmur. Yuxarıdakı tərifdə də bildirdik ki, qərəz öyrənilən sistemdən, müraciət olunan metodologiyadan, yaxud da istifadə edilən elmi instrument/avadanlıqdan qaynaqlana bilər. Lakin, bu olduqca ümumi bir təyindir və qərəzin qarşısının alınmasında bizə kömək etməyəcək. Qərəzə qarşı düzgün mübarizə aparmaq üçün ilk öncə qərəzə səbəb olan amillərlə yaxından tanış olmalıyıq. Bunun üçün aşağıdaki cədvələ nəzər salaq (Cədvəl 1).

Cədvəl 1. Qərəzə yol açan amillər

Öyrənilən sistemdən qaynaqlanan amillər Araşdırma əsnasında təcrübi qrupların sağlamlıq vəziyyəti
İstifadə olunan sistemin araşdırmanın məqsədinə uyğunluğu
İstifadə olunan sistemin istifadə olunan metodologiyaya (məsələn, aparılan manipulyasiyalara) obyektiv reaksiya vermə qabiliyyəti
İstifadə olunan sistemin normal fiziologiyasının əvvəlcədən ətraflı öyrənilib-öyrənilməməsi
Eksperimental metodologiyadan qaynaqlanan amillər Eksperimental qruplara bölünmə zamanı baş verən xətalar
Müvafiq kontrolların dəqiqliklə təmin edilməməsi
Metodoloji xətalar (düzgün metodologiyanın seçilməməsi)
Statistik xətalar
Analiz xətaları (düzgün toplanmış data çoxluğundan səhv çıxarışın edilməsi)
  • Qərəzin səbəbləri cədvəldə göstərilənlərlə limitlənməməlidir. Cədvəldəki amillər bütün mümkün amillərin yalnız bir qismini özündə əks etdirir.

Qərəzin nələrə səbəb olduğuna isə artıq cavab vermişik. Nəzərə alsaq ki, bir çox ölümcül xəstəliklərin çarəsi fundamental araşdırmalar vasitəsilə tapılır (məsələn bu xəstəliklər üçün dərmanların hasil olunması), onda görərik ki, heç bir kəs belə məqamlarda qərəzə məruz qalmış araşdırmanın nəticəsinə arxalanmaq istəməz.

Ümidvarıq ki, bu nöqtədə hamımızın beyninin bir (ya da bir neçə) neyronunda qərəzin nə olduğu barədə fikir formalaşıb. Bax indi qərəzlə necə mübarizə aparmaqla bağlı söhbətimizi başlatmağın əsl vaxtıdır. Qərəzi aradan qaldırmaq üçün atılan addımlar adətən eyni funksiyanı daşıyır- təcrübi qruplar arasında, öyrənilən xüsusiyyət (maraq dairəsində olan dəyişən) xaricində, bütün digər xüsusiyyətləri (dəyişənləri) mümkün maksimum dərəcədə eyni tutmaq. Sadə dillə desək, bu ona xidmət edir ki, verilən zaman kəsiyində tədqiqatçı yalnız bir xüsusiyyəti manipulyasiya edir və beləcə əmin olur ki, əldə edilən nəticələr yalnız manipulyasiya edilmiş xüsusiyyətdən irəli gəlir. Sadə bir nümunənin simasında (Nümunə 1) bu məsələyə aydınlıq gətirək.

Nümunə 1

Gəlin üç (3) fərqli təcrübə fərz edək. Birincisində, A bitkisi heç bir manipulyasiyaya məruz qalmadan; 24 saat ərzində; stabil su, qida və O2/CO2 nisbəti olan şəraitdə; becərilir. İkincisində, birincidən fərqli olaraq, becərilməzdən əvvəl, A bitkisinin bütün yarpaqları kəsilib atılır. Üçüncüsündə isə, becərilməzdən əvvəl, yarpaqlarla yanaşı kökün uc hissəsi də kəsilib atılır (Şəkil 1.).

a) null b) null c)

Şəkil 1. Verilən hansısa zaman kəsiyində yalnız bir dəyişənin öyrənilməsinin əhəmiyyəti: a) heç bir manipulasiyaya məruz qalmadan becərilən A bitkisi b) yarpaqları kəsildikdən sonra becərilən A bitkisi c) həm yarpaqları, həm də kökünün uc hissəsi kəsildikdən sonra becərilən A bitkisi

24 saat sonra aparılan müşahidələr zamanı məlum olur ki, birinci bitki xaricində, digər hər iki bitki tələf olmuşdur. Birinci təcrübə ilə ikincisi müqayisə olunarsa, ikinci təcrübədəki bitkinin tələf olmasının səbəbi yarpaqların kəsilməsi kimi göstərilə bilər. Lakin, birinci təcrübə ilə üçüncüsü müqayisə olunarsa, üçüncü təcrübədəki bitkinin tələf olma səbəbini aydınlaşdırmaq mümkün olmayacaq; çünki bu bitki eyni anda iki fərqli manipulyasiyaya məruz qalıb və bunlardan hansının təlafata yol açdığını demək sadəcə mümkünsüzdür.

Ümümiyyətlə, elmi araşdırmalar zamanı dəyişən xüsusiyyətin sayını birə endirmək üçün iki vasitədən istifədə olunur: 1) təsadüfiləşdirmə (təcrübi qruplara təsadüfü paylama) və 2) kontrol təcrübələr

Təsadüfiləşdirmə

İlk yazımızda təsadüfiləşdirmə mövzusuna az da olsa toxunmuş, öyrəniləcək sistemin təcrübi qruplar arasında bərabər bölünməsinin qərəzli amilləri aradan qaldırdığını bildirmişdik. Lakin bu metod heç də bütün problemləri həll etmir. İlk növbədə ona görə ki, maraq dairəsində olan sistemin bərabər paylanması əksər hallarda yalnız sistemin özünə xas xüsusiyyətlərdən qaynaqlanan amilləri aradan qaldırır, metodologiyadan irəli gələn səbəblər isə, olduğu kimi qalmaqla, problem(lər) törətməyə davam edir. Digər bir məsələ isə budur ki, bəzi təcrübələr zamanı maraq dairəsində olan sistemi, təcrübi və kontrol qruplara, bərabər bölmək mümkün olmur (Nümunə 2.).

Nümunə 2

Fərz edək ki, 2027-ci ilin qarlı bir dekabr günündəyik. Özüdə nə Kanadada, nə Belçikada, nə də Marsda- məhz elə Azərbaycanda, Ərtoğrulun ötən sayımızda bəhs etdiyi Salyan Universitetindəyik . Universitet, ağciyər xərçəngi sahəsində aparılan araşdırmalar üzrə, vətənimizin öncüllərindən birinə çevrilib. Hazırda da, universitetin gənc tədqiqatçısı, bu ilin iyun ayında elə məhz Salyan Universitetindən məzun olmuş, Ləman “Əhalimizdə ağciyər xərçənginin rastgəlinmə tezliyinin şiddətlənməsində Kent 8 siqaretinin rolu” adlı müdafiə işinin çərçivəsində, qeyd edilən fərziyyənin nə qədər həqiqətə uyğun olduğunu ölçüb-biçir (sözsüz ki, digər tədqiqatçı yoldaşlarının köməkliyi ilə).

Belə qənaətə gəliblər ki, Salyan rayonu əhalisi arasından 200 nəfər seçib, onları hər birində 100 nəfər olmaqla, siqaret istifadə edənlər və etməyənlər deyə iki qrupa bölsünlər. Necə deyərlər, Kərəmi bu yerdə ağlamaq tutur. Niyə? Çünki, insanları əhatə edən araşdırmalar aparmaq, məlum etik kriteriyalara görə, olduqca mürəkkəbdir. 200 nəfər insanı bir yerə toplayıb 100-ünün əlinə siqarət verib- “buyurun, çəkin” demək mümkün olan iş deyil. Ona görə də, Ləman və yoldaşları, məcburən, 100 nəfər mütəmadi siqaret çəkən, 100 nəfər də siqaret çəkməyən insan tapmalı olacaqlar. Belə olduğu təqdirdə də, bu insanlar hamısı müxtəlif genetik şəcərəyə mənsub olmuş olacaq ki, bu da öz növbəsində, araşdırmaya nəzarəti çətinləşdirəcək (bəlkədə, siqaret istifadəçisi olmayan biri, sırf atası/anası siqaret istifadə etdiyi üçün, ağciyər xərçənginə meyilli olacaq və s. və ilaxır) (Alışbəyli Ə., 2016). Buna görə də, bir qayda olaraq, elmi araşdırmalarda təsadüfiləşdirmə ilə yanaşı, kontrol təcrübələrdən də istifadə olunur.

Kontrol təcrübələr və kontrol qruplar

Kontrol təcrübələr araşdırmanın obyektivliyini təhlükəyə ata biləcək yanıldıcı faktorların (ing: confounding factors) aradan qaldırılmasında əvəzolunmazdır. Kontrol təcrübələrin empirik elmdəki rolu ilə ötən saydan qısa tanışlığımız mövcuddur: onlar iki əsas funksiyanı yerinə yetirdiyi barədə sizləri məlumatlandırmışdıq- 1) üzərində araşdırma aparılan sistemin hər cür manipulyasiyaya obyektiv formada reaksiya vermə qabiliyyətinə malik olduğunu göstərmək, 2) təcrübələrdən alınan nəticələrin, sistemdəki nasazlıqlardan yox, sırf tətbiq edilmiş manipulyasiyalardan irəli gəldiyini isbatlamaq, 3) araşdırma əsnasında meydana gələn problemlərin nədən qaynaqlandıqlarının dəqiqliklə təsbitini asanlaşdırmaq. Əminəm (daha doğrusu, əmin deyiləm, amma, ümid edirəm), bir çoxunuz hal-hazırda, özlüyünüzdə, düşünürsünüz- “ay yoldaş, kontrol təcrübələri başa düşdük, bəs, bu kontrollar qruplar haradan peyda oldu”. Kontrol qruplar, təcrübi qruplarla eyni tərkibə sahib olan-yəni, onlarla bərabər şəkildə təsadüfiləşdirilən təcrübi vahidlərdir. Fərq ondadır ki, təcrübi qruplardan fərqli olaraq, kontrol qruplar daima kontrol manipulyasiyalara məruz qalır (manipulyasiyanın spesifikliyi kontrol qrupun hansı kontrol növü olaraq rol oynamasından asılıdır). Başqa bir sözlə, üzərində yalnız kontrol təcrübələr aparılan təcrübi vahidə kontrol qrup deyilir.

Yazımızın qalan hissəsini kontrol təcrübələrin növlərinin aydınlaşdırılmasına və müxtəlif kontrol nümunələrinin göstərilməsinə həsr edəcəyik. Lakin, ilk öncə, kontrol təcrübələrin tarixçəsinə qısa bir göz gəzdirmək hamımız üçün maraqlı olardı deyə düşünürəm.

Doğrudur, 1901-ci ilədək, kontrol təcrübələri, termin olaraq, elmi ədəbiyyatda hallanmasa da, elmin müxtəlif sahələrində müasir kontrol təcrübələrə müvafiq olan təcrübələrə rast gəlmək mümkün idi. Belə təcrübələrdən biri 1874-cü ildə Karl von Vierordt (Şəkil 2.) (daha sonra da Adolph Riecker) tərəfindən həyata keçirilmişdir.

Şəkil 2. Karl von Vierordt

Belə ki, bu tədqiqatçılar dəri üzərində aralarındakı məsafə müxtəlif olmaqla iki nöqtə qoyur, daha sonra da, araştırma iştirakçılarına neçə nöqtə gördükləri bərədə sual verirdilər. Beləcə də, iki nöqtənin bir nöqtə kimi görüldüyü məsafə astanasını (ing: threshold) təyin edirdilər. Lakin, müəyyən müddət belə testlər apardıqdan sonra, Vierordt və Riecker, iştirakçıların daima iki nöqtə cavabı verməyə meyl etdiklərini müşahidə edirlər. Bunun səbəbi kimi isə, iştirakçıların, dəri üzərində, daima iki nöqtənin olmasından şübhələnmələrini göstərirlər. Bu isə, öz növbəsində, iştirakçıların təcrübəyə qərəzli yanaşmasının bariz nümunəsi idi. Belə halların qarşısını almaq üçün, adı çəkilən tədqiqatçılar bəzi hallarda dəri üzərinə yalnız bir nöqtə yerləşdirir; bu minvalla həm iştirakçıların fikirlərində formalaşan qərəzi aradan qaldırır, həm də, iştirakçıların sahib olduqları, qərəzə görə bir nöqtəyə iki nöqtə demə tezliyini (qərəzdən törəyən xəta) müəyyənləşdirirdilər. Hər nə qədər kontrol təcrübə kimi qələmə verilməsə də, dəri üzərinə yalnız bir nöqtənin yerləşdirilməsi bir mənfi kontroldur və mövcud olan hansısa qərəzi aradan qaldırmaq funksiyasını yerinə yetirir.

Bu kimi təcrübələrin mövcudluğuna baxmayaraq, ilk dəfə kontrol təcrübələrinin rəsmi istifadəsi 1901-ci ilə, E. L. Thorndike və R. S. Woodworth-ün transfer təcrübələrinə təsadüf edir. Kontrol təcrübələrindən intensiv istifadə isə, hələ 1908-ci ilə, W. H. Winch-in yaddaşın inkişafının ötürülməsi təcrübələrinə qədər gözləməli olacaqdı.

Aşağıdaki cədvəldə (Cədvəl 2) kontrol təcrübələrindən/qruplarından istifadənin Eksperimental Psixologiya Jurnalının (EPJ), müvafiq olaraq 1916, 1933 və 1951-ci illərdə nəşr edilmiş üç (3) sayındakı tezliklərini görə bilərik.

Cədvəl 2. Kontrol təcrübə/qrupların EPJ-də istifadəsinin xronologiyası (Boring E. G. et al., 1954)

Kontrol təcrübə/qruplarından istifadə tezliyi

1-ci buraxılış (1916)

16-cı bur. (1933)

41-ci bur. (1951)

Kontrol qrupları

0

6

30

Kontrol silsilələr, kontrol müşahidələr

4

18

16

Faktiki təsvirlər

5

11

1

Toplam

9

35

47

Tarixə bu kiçik səyahətdən sonra, gəlin, mövcud kontrol növlərindən söz açaq.

Müsbət kontrol: Bu növ kontrollar tədqiqatçının nail olmaq istədiyi nəticəni artıq özündə əks etdirir. Beləcə, müsbət kontrollar təcrübənin ala biləcəyi maksimum nəticəni təmsil edir. Əlavə olaraq, müsbət kontrol, təcrübənin aparıldığı sistemin ümumilikdə arzu olunan effekti göstərmə iqtidarında olub-olmadığını təyin edir. Bunu, bir növ, keyfiyyət nəzarəti mexanizmi olaraq da düşünmək olar.

Mənfi kontrollar: Bu növ kontrollarda, öyrənilən sistem arzu olunan effekt(lər)dən tamamilə təcrid edilmiş olur (bir çox hallarda bu effekti əldə etmək üçün sistem bütün manipulyasiyalardan azad edilir). Beləcə, mənfi kontrollar təcrübənin ala biləcəyi minimum nöqtəni təmsil edir. Bununla yanaşı, mənfi kontrollar tədqiqatçını əmin edir ki, manipulyasiyanın yoxluğunda, təcrübələrin ünvanlandığı sistem öz başına heç bir effekt göstərmir. Başqa bir deyişlə: alınan nəticələr bir qayda olaraq sınaqlardan qaynaqlanır.

Saxta (sham) kontrollar: Bu tip kontrollar mənfi kontrolların bir növüdür. Saxta kontrollar zamanı təcrübi manipulyasiyaların həyata keçirilmə üsulu təqlid edilsə də, manipulyasiyanın özü həyata keçirilmir. Bu tip kontrollar, həm təcrübi, həm də kontrol qrupun mümkün qədər eyni miqdarda stresə və gərginliyə məruz qalmasını təmin edir.

Vasitəçi (vehicle) kontrollar: Bu tip kontrollar mənfi kontrolların bir növüdür. Əgər hər hansısa təcrübi birləşmə orqanizmin bədəninə başqa bir vasitəçi (vehicle) məhlulun tərkibində tətbiq olunursa, bu zaman, həmin vasitəçi məhlulun öz başına (tərkibində heç bir təcrübi birləşmə olmadan) orqanizmin bədəninə tətbiq olunması zəruri bir kontrol təcrübədir. Bu minvalla, orqanizmin bədəninin manipulyasiyalara verdiyi hər hansı reaksiyanın istifadə olunan daşıyıcı məhluldan yox, məhz təcrübi birləşmədən irəli gəldiyini göstərmək mümkündür.

Müqayisəvi kontrollor: Adətən, bu tip kontrollar müsbət kontrolların bir növü olub, aparılan bir manipulyasiyanın, eyni effekti verən və əvvəldən təsdiqlənmiş, fərqli bir manipulyasiya ilə müqayisəsidir.

Aşağıda verilən xəyali nümunə (Nümunə 3.) vasitəsi ilə bütün sadaladığımız kontrollara misal gətirməyə çalışacağıq.

Nümunə 3

Fərz edək ki, biz insanlarda rast gəlinən bəd xassəli yoğun bağırsaq poliplərinin metastaz qabiliyyətini aradan qaldırmağın yollarını araşdıran kiçik bir tədqiqat qrupunun üzvləriyik. Təzəlikcə, biz Talış dağlarında bitən Y bitkisindən alınan MTL adlı birləşmənin becərilmiş HeLa2 hüceyrə kulturasında metastazın ciddi dərəcə azalmasına səbəb olduğunu çox saylı təcrübələrlə sübut etmişik. İndi isə hədəfimiz, MTL maddəsini 1-ci faza pre-kliniki sınaqlara daşımaqdır. Lakin, buna nail olmaq üçün ilk növbədə, bu birləşmənin effektini uyğun heyvan modeli üzərində yoxlamalıyıq. Biz də, öz növbəmizdə, genetik olaraq modifikasiya olunub, metastaza meyilli bəd xassəli bağırsaq polipləri daşıyan siçovulları, MTL in təsirini öyrənmək üçün, uyğun heyvan modeli kimi seçmişik.

İstifadə edəcəyimiz metod belədir: MTL birləşməsini, siçovul qanı ilə eyni molyarlıqda olan PBS məhlulunda həll edilmiş formada, dərialtı (ing: subcutaneous) olaraq siçovulların qan dövranına (iynəvurma vasitəsi ilə) tətbiq edəcəyik. Bu üsulu, ilki doğuşdan iki (2) gün sonra olmaqla, üç həftə, gündə iki dəfə olmaqla həyata keçirəcəyik. Üçüncü həftənin sonunda isə, cərrahiyə üsulu ilə, siçovulların bağırsağına baxış keçirəcək və bəd xassəli poliplərin metastaz qabiliyyətində hər hansısa bir dəyişikliyin baş verib-vermədiyi təsbit etməyə çalışacağıq.

İndi, gəlin yuxarıda sadaladığımız kontrolları bu araştırmaya necə tətbiq edəcəyimizi aydınlaşdıraq. İlk növbədə, hərəsində eyni sayda, çəkidə və sağlamlıq vəziyyətində olan siçovulların yer aldığı iki qrup təşkil etməliyik. Bunlardan biri kontrol, digəri isə təcrübi qrup olacaq. təcrübi qrup yuxarıda qeyd etdiymiz metoda məruz qalacaq; kontrol qruplar isə bir azdan qeyd edəcəyimiz kontrol təcrübələrə məruz qalacaq.

Müsbət kontrollar: Müsbət kontrolların, adətən, arzu olunan effekti özlərində maksimum dərəcədə əks etdirdiklərini nəzərə alsaq, görərik ki, tam sağlam (heç bir bəd xassəli bağırsaq polipi daşımayan) siçovullar bizim üçün əlverişli müsbət kontrol qrupu ola bilər.

Mənfi kontrollar: Müsbət kontrolların tam əksinə, mənfi kontrollar arzu olunan effekti özlərində minimum dərəcədə əks etdirir; ya da bu effektdən tamamilə məhrum olurlar. Bu halda, heç bir müalicənin tətbiq edilmədiyi bəd xassəli bağırsaq polipləri daşıyan siçovullar bizim üçün əlverişli mənfi kontrol qrupu ola bilər.

Saxta kontrollar: Nəzərə alsaq ki, bizim təcrübi metod inyeksiyadır (iynəvurma), siçovulların bədəninə heç bir məhlul yeritmədən, sadəcə boş iynənin vurulması məqsədə uyğun saxta kontrol olardı.

Vasitəçi kontrollar: Qeyd etdiyimiz kimi, MTL birləşməsi siçovullara tətbiq edilməzdən əvvəl PBS adlı məhlulda həll olunmalıdır. Belə olduqda, tərkibində MTL olmayan, saf PBSin tətbiqi düzgün vasitəçi kontrol olardı.

Müqayisəvi kontrollar: Əvvəlcədən istifadə olunmuş və bəd xassəli bağırsaq poliplərinə qarşı effektivliyi isbat edilmiş hər hansısa alternativ metod (məsələn, başqa bir birləşmə) uğurlu müqayisəvi kontrol ola bilər. Müqayisəvi kontrolların tətbiq edilməsi zamanı, əvvəlcədən bu sahədə aparılmış tədqiqatların, elmi ədəbiyyat vasitəsilə, araşdırılması olduqca zəruridir.

Belə, hörmətli oxucu, bu yazını da başa vurmaqla təcrübələrin dizayn edilməsi mövzusuna yekun vururuq. Gəlin inanaq ki, bu iki yazı həm sizə, həm də bizə nəsə öyrətdi. Amma, inanmaq kifayət etmir, gərək bu fikrin doğruluğunu gələcəkdə müvafiq müşahidə və təcrübələrlə sübut edək. Unutmayaq ki, həyat özü də başdan sona bir təcrübədir: yaddan çıxan hər kontrol sondakı nəticənin qərəzini artırır.

Mənbələr

Aguilar-Nascimento, J. E. D. (2005). Fundamental steps in experimental design for animal studies. Acta Cirúrgica Brasileira, 20(1), 2-3.

Alışbəyli, Ə. (2016). Salyan Universiteti. Elmi Spektr, 1(1), 56-60

Boring, E. G. (1954). The nature and history of experimental control. The American journal of psychology, 67(4), 573-589.

Johnson, P. D., & Besselsen, D. G. (2002). Practical aspects of experimental design in animal research. ILAR Journal, 43(4), 202-206.

Kidd, K., & Morgan, G. A. (2010). Experimental controls. Corsini Encyclopedia of Psychology.

Rahbari, R., Sheahan, T., Modes, V., Collier, P., Macfarlane, C., & Badge, R. M. (2009). A novel L1 retrotransposon marker for HeLa cell line identification. Biotechniques, 46(4), 277.


Redaktə etdi: Nərmin Abbasova, Elmir Məhəmmədov, Balaqardaş Bəsirov

Posts created 5

One thought on “Qərəz və Kontrol Təcrübələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top