Latın-əlifbalı dillərdən alınan xarici adların yazılışı üzərinə

Niyə Çarlz Darvin deyil, Charles Darwin

Ərtoğrul Alışbəyli & Araz Zeyniyev

Bu mövzuda yazmış bir sıra başqa adamdan fərqli olaraq, xarici insan adlarının yazılışında istifadə olunan normalar bizim üçün üzərinə nəzəriyyə etdiyimiz maraq mövzusu deyil, praktiki maraq kəsb edən bir şeydir. Məqsədi müasir elmi dərslikləri Azərbaycan dilinə qazandırmaq olan Habitat Tərcümə Layihəsi (HTL) çərçivəsində tərcümələr edərkən bu norma və onun nəticələri ilə bağlı düşünməli oluruq və gəldiyimiz nəticə budur ki, orijinalı latın əlifbası ilə yazılan insan adları və bir neçə başqa qrup alınma isimlərin Azərbaycan dilinə keçidi düzgün tənzimlənmir. Hazırkı normalara əsasən xarici adlar naməlum və xaotik prinsiplərə əsasən “azərbaycanlılaşdırıldıqdan” sonra yazıya keçir. Bunun nəticəsində Azərbaycan dilindəki mənbələrdə müvafiq adlar həm yanlış yazılır, həm də yanlış oxunur. Bu məqalədə mövcud olan qaydaları tənqidi şəkildə ələ alır və latın əlifbalı dillərin böyük əksəriyyətinin istifadə etdiyi qaydaların qəbul edilməsini vacib olduğunu iddia edirik. Azərbaycan dili latin əlifbasını istifadə dünyanın digər dilləri kimi, orijinalı latın əlifbasında olan adları eynilə saxlayaraq istifadə etməlidir. Bu həm dildə həmin müxtəlif növ adların yazılışını standartlaşdırmağa, həm də mənbələr əlaqələr yaradacaq, onlar arasında keçidləri asanlaşdırmağa xidmət edəcək ki, bu da internet erasının zərurətidir.


Azərbaycan dilinin orfoqrafiyasının fonemikliyi

Azərbaycan dilinin istifadəçilərinin böyük əksəriyyəti hal-hazırda xarici adları həmin adın müəyyən oxunuşuna uyğun olaraq yazırlar. Məsələn, proses nəticəsində James Watson, Ceyms Uatsona, David Hume, Devid Yuma, Jean-Paul Sartre isə Jan Pol Sartra çevrilir. Bu prosesə fonetik transkripsiya yolu ilə transliterasiya demək olar və proses kiril qrafikası işlətdiyimiz zaman qazandığımız orfoqrafik vərdişlərin latın qrafikalı yazımıza üzərində çox düşünülmədən tətbiq olunmasından yaranıb. Əməliyyatın tərəfdarları iddia edirlər ki, xarici adları belə yazmaq müvafiq adların düzgün oxunuşunu saxladığına görə, oxucular üçün daha faydalıdır. Bundan başqa iddia olunur ki, Azərbaycan dili fonemik orfoqrafiyaya sahib dil olduğuna görə bu dildə yazılan hər sözün oxunuşu, onun yazılışı ilə birəbir üst-üstə düşməlidir. Yazının bu ilk bölməsində bu arqumentlərin nə qədər keçərli olduğunu təyin etməyə çalışacağıq. Daha sonra, orijinalı latın əlifbasında olan insan adlarını olduğu kimi yazmağın bizə nə verəcəyini araşdırıb, bu yeni orfoqrafik normalara keçidin nəyə görə vacib olduğunu izah edəcəyik.

Transliterasiyanın (yazının bir qrafikadan digər qrafikaya keçidi) edildiyi halların mütləq əksəriyyətində keçidin bir əlifba sistemindən digərinə (məsələn, yunan əlifbasından latın əlifbasına) olduğu faktını kənara qoysaq belə, bu qaydanın ən təməl problemi dillərin arasında belə keçidin bəzi çox yaxın və böyük ölçüdə üst-üstə düşən dilləri çıxmaq şərtilə praktiki olaraq imkansız olmasıdır. Fonetik transkripsiya yolu ilə transliterasiya üçün hansısa A dilindəki bütün səslər Azərbaycan dilindəki qrafemlərlə üst-üstə düşməlidir. Vəziyyəti Şəkil 1-dəki kimi ifadə etmək olar. 

Şəkil 1. Fonetik transkripsiya yolu ilə transliterasiyanın həll etməli olduğu problem.

Xarici dildəki qrafemlər və fonemlər arasında (birinci ox) əlaqələr bilinir. Bu əlaqələr müəyyən qanunauyğunluqlar və istisnalarla birgə standartlaşdırılmış lüğətlər vasitəsilə təsbit olunur. Məsələn, ingilis dilindəki sözlərin necə tələffüz olduğunu öyrənmək üçün Oxford, Merriam-Webster kimi standart izahlı lüğətlərlə baxa bilərsiniz. İkinci ox isə daha problemlidir: xarici fonemlər ilə Azərbaycan dilindəki qrafemlər arasındakı əlaqələr təsbit olunmayıb. Bunu etmək üçün təxminən belə bir şey lazımdır: Azərbaycan Dil Qurumu və ya Dilçilik İnstitutu hər xarici dil üçün həmin dilin fonemləri ilə Azərbaycan dilindəki qrafemlər arasındakı əlaqəni ayrıca təsbit edir. Məsələn, İngilis dilindəki “th” qrafeminin ifadə etdiyi [θ] fonemi Azərbaycan dilində mövcud olmadığından Azərbaycan Dil Qurumu və ya Dilçilik İnstitutu [θ] foneminin Azərbaycan qrafemləri ilə necə yazılmalı olduğuna qərar verməli və hamı bu qaydanı öyrənməlidir. Bu addımın özü belə orfoqrafiyanın fonemikliyinin azalmasına gətirib çıxaracaqdır, çünki bizim dilimizdəki bütün mövcud qrafemlər onsuz da müəyyən bir fonemə uyğun gəlir. Fonemikliyi saxlamaq üçün Azərbaycan dilinə yeni hərflər, qrafemlər və onlara uyğun fonemlər daxil etmək lazımdır. Buna görə də, bütün dillərdən Azərbaycan dilinə fonetik transkripsiya etmək istəyənlər dilə təxminən 75 yeni hərf və 52 fonetik işarə daxil etməyi göz önünə almalıdır. Bu yolla bəzilərinin arzusunda olduğu mükəmməl fonemik transkripsiya yolu ilə transliterasiyaya və həddən artıq fonemik orfoqrafiyaya nail olmaq olar.

Şəkil 1-dən də gördüyümüz kimi, problemin həlli qeyri-real addımlar tələb etməkdən əlavə, eyni zamanda hazırda istifadə edilən normaların əslində reklam ediləndən fərqli bir şey etdiyini üzə çıxarır. Hazırda fonetik transkripsiya yolu ilə etdiyimiz transliterasiya əslində başqa bir əməliyyatı həyata keçirir (Şəkil 2).

Şəkil 2. Azərbaycan dilində fonetik transkripsiya yolu ilə transliterasiya zamanı əslində aparılan əməliyyat.

Yəni, əslində etdiyimiz şey xarici dildəki fonemləri ilk öncə Azərbaycan dilindəki fonemlərə çevirib daha sonra bu fonemləri müvafiq qrafemlərə çevirməkdir. Burada əsas problemli nöqtə qırmızı ilə göstərilmiş ərazidir: tamamilə üst-üstə düşməyən bir qrup fonemi digər bir qrup fonemə mükəmməl çevirmək mümkün deyil, çünki fonemlər tərifən eyni şeyin (insanın vokal sisteminin çıxara bildiyi səslərin) fərqli növləridir, yəni bir-birilə eyni olmayan fərqli “səs elementləri”dir; bu elementləri bir-birinə çevirmək olmur, yalnız bir-birilə əvəzləmək olur. Belədə əlimizdəki nəticə odur ki, əslində fonetik transkripsiya yolu ilə transliterasiya iddia olunduğu kimi sözlərin həqiqi oxunuşunu saxlamır, əvəzində onu “azərbaycanlılaşdırır”. Beləliklə, sonda əlimizdəki Azərbaycan dilində yazılmış söz nə düzgün yazılışa, nə də düzgün oxunuşa uyğun gəlir. Yəni, dilin saflığı uğrunda mübarizə aparan transliteratorlarımızın səyləri nəticəsində həm səhv yazırıq, həm səhv oxuyuruq. 

Xarici qrafemlərdən Azərbaycan dilindəki qrafemlərə doğru olan mürəkkəb keçidi tənzimləyən standartlar toplusunu yaratmaq cəhdinə bənzər bir şey “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adlı dövlət proqramının məqsədlərindən biri idi (“6.1.4. Milli transliterasiya standartlarının hazırlanması”) və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həyata keçirilməli idi. Belə bir çalışma yazıdakı lüğət sabitliyini qorumaq üçün fərqli əlifbalardakı hərflərin Azərbaycan əlifbasındakı hərflərə köçürülməsi üçün vacib bir işdir. Dili istifadə edən insanların dünyadakı bütün əlifbaları bilməsini gözləmək qeyri-real olduğundan, bir çox dillər yazıda əlifbanı sabit saxlamağa çalışırlar. Lakin lazım gəldikdə, xarici əlifbalardakı xüsusi hərfləri də olduğu kimi yazaraq, bir mənada əlifbanı genişlədirlər (məsələn, island əlifbasında “Þ” hərfi bir çox Avropa dillərində olduğu kimi yazılır). Lakin transliterasiya daha çox hərflərin bir yazı sistemindən (və ya əlifba növündən) o biri yazı sisteminə keçididir və əlifba sabitliyini qorumaq üçün edilir, insanlara düzgün tələffüzü öyrətmək üçün yox (yuxarıda göstərdiyimiz səbəblərdən dolayı bunu yazı yolu ilə etmək ümumiyyətlə mümkün deyil). Təəssüf ki, bu məsələ dövlət proqramı çərçivəsində hazırlanmış transliterasiya.az saytının hazırlanmasında nəzərə alınmayıb. Belə ki, keçid cədvəllərinin hazırlandığı 5 əlifbadan 3-ü latın yazı sistemlərinə aid olub (ingilis, fransız, alman), bu dillərdəki sözlərin ancaq “azərbaycanlılaşdırılmasına” imkan verir. Halbuki bunun yerinə, həqiqətən də hamıya daha çox faydası toxunacaq, yunan, çin, yapon, koreya, gürcü, erməni və s. kimi fərqli əlifbalardan Azərbaycan əlifbasına keçid üçün faydalı resurs yaratmaq olardı. Nəticədə, edilmiş yarım-yamalaq iş, imkansız olan keçid üçün lazımsız olan üç cədvəl istehsal etmişdir. Azərbaycan dilindəki mətnlərə nəzər salsaq bu cədvəllərdəki qaydalara heç uyulmadığını da görərik. Məsələn, şotland filosof David Hume-un adı saytdakı cədvələ əsasən David Hume deyə yazılmalı olsa da, Azərbaycan dilindəki mənbələrdə adamın adı Devid Yum olaraq yazılır. Yəni, bu qaydaya əməl etməyi tələb edənlər belə normalar barəsində razılığa gələ bilmirlər və dilin daha da  qeyri-standartlaşmasına töhfə verirlər.

Vəziyyətin bu yerə gəlməməsi üçün, yəni, insanların başqa dillərdəki sözləri düzgün oxuması üçün bir sistem artıq mövcuddur. Bu sistemin adı Beynəlxalq Fonetik Əlifbadır (International Phonetic Alphabet, IPA). IPA dünyanın bütün dillərindəki səsləri özündə cəmləşdirməyə çalışan və Beynəlxalq Fonetika Assosiasiyası tərəfindən 1888-ci ildən bu yana hazırlanan əlifbadır. IPA-ya bütün dillərdəki səsləri ifadə edən 107 hərf, 52 fonetik işarə daxildir. Bu əlifbadakı işarələri və onlara uyğun gələn səsləri öyrənərək, ən azından nəzəri olaraq, bütün bu dillərdəki sözləri, IPA-da yazıldığı müddətcə, düzgün tələffüz edə bilərsiniz. IPA yuxarıda göstərdiyimiz diaqramdakı problemi özünəməxsus şəkildə həll edir (Şəkil 3). Bütün dillər IPA-ya öz fonemləri ilə töhfə verir, bir çox dillərin fonemləri başqaları ilə böyük ölçüdə üst-üstə düşsə də, bəziləri tamamilə fərqli səslər gətirir və bu şəkildə hamının istifadə edib anlaya biləcəyi ortaq bir “səs əlifbası” ortaya çıxır. Bu yanaşma elmi baxımdan kifayət qədər uğurludur, çünki insanın vokal sistemi hamı üçün aşağı-yuxarı eyni olub, ən azından potensial olaraq, eyni səsləri çıxarmağa imkan verir.

Şəkil 3. IPA-nın təklif etdiyi həll yolu.

Yəni əgər bu gün bütün dünya dilləri yazı əlifbası kimi IPA-ya keçsəydi bu gün biz də bu yazını yazmaq məcburiyyətində olmazdıq, çünki transliterasiyaya ehtiyac qalmazdı, hamı hamının necə danışdığını, necə yazdığını bilərdi. Əlbəttə bunun baş vermə ehtimalı çox kiçik olsa da (əlifbanın məqsədi onsuz da bu deyil), bu əlifbanın məktəblərdə öyrədilməsi transliteratorlarımızın həll etməyə çalışdığı “orijinal tələffüzü bilmə” problemini əhəmiyyətli dərəcədə azalda bilər. Belə ki, əlifba ilə tanış olan tələbə Antoine de Saint-Exupéry-nin adının hazırkı kitablarda yazıldığı kimi Antuan de Sent-Ekzüperi kimi yox, [ɑ̃twan də sɛ̃t‿ɛɡzypeʁi] kimi oxunduğunu öyrənə bilər. Belədə, yazıçının adını Antoine de Saint-Exupéry şəklində düzgün yaza-yaza, həm də düzgün oxunuşunu da bilmiş ola bilər. Öz növbəsində bu məqalənin müəlliflərindən birinin adının [ærtɔɣrul alɯʃbæjlɪ] kimi oxunduğunu bilən bir ingilis də könül rahatlığı ilə adını “ingilisləşdirildiyi” kimi Artoghrul Alishbayli olaraq yox, Ərtoğrul Alışbəyli olaraq yaza bilər.

Yazımızın bu nöqtəsində sual oluna bilər: əgər problemin həll yolu bu qədər asandırsa, indiyə qədər niyə lazımi dəyişikliklər edilməyib? Bu sualın cavabı isə orfoqrafik normaların tarixindədir.

Orfoqrafiya bir tərəfdən dilin öz daxili qanunlarını əks etdirsə də (məsələn, “ahəngsuz” yaza bilmərik, “ahəngsiz” və ya bu sözün deyilişini əks etdirən başqa bir əlifbada “аһәнҝсиз” yaza bilərik), orfoqrafiya ümumilikdə yazı ilə bağlı praktikanın sistematik formaya salınma cəhdidir. Yəni, orfoqrafiya dedikdə söhbət dilin öz qanunlarından və ya həmin qanunların diktə etdiyi qaydalardan yox, daha çox müəyyən dil icmasındakı ortaq praktikaların cəmi nəzərdə tutulur. Tarixə nəzər salsaq bunun niyə belə olduğunu başa düşmək asandır. Yazının ortaya çıxması şifahi dildən çox sonraya, cəmi bir neçə min il bundan əvvələ gedib çıxır və tarixin böyük bir hissəsində insanların ünsiyyətində əsas rolu şifahi dil oynayıb. Yəni, şifahi dildən fərqli olaraq yazı sistemi hansısa təbiət qanunları əsasında və ya təbii seçmə nəticəsində yox, daha çox hansısa şəxslərin və qurumların seçimləri əsasında, nisbətən qısa bir zaman kəsiyində, mədəni proses vasitəsilə formalaşıb.

Modernliyin gətirdiyi standartlaşma və mərkəzi avtoritetlər yazılışın oxunuşla olan əlaqəsinə yeni bir yanaşma gətirib. Belə ki, bəzi dillər üçün yazılış baxımından nəyin doğru nəyin yanlış olduğunu hamıya diktə edən mərkəzi dil qurumları yaradılıb, standart lüğətlər, ensiklopediyalar yazılıb, qaydalar, qanunlar standartlaşdırılıb, eyni dilin fərqli dialekt və ləhcələrinin yazılışa təsiri demək olar ki, tamamilə aradan qaldırılıb. Məsələn,“xörək duzu” bəzi Abşeron ləhcələrində “xörey duzi” olaraq tələffüz olunsa da, bu yanlış yazılış sayılır (baxmayaraq ki, fonetik transkripsiya qaydası bunu tələb edir). Bu onu göstərir ki, hansı yazılışın doğru olub-olmadığı daha çox mədəni və siyasi proseslə, cəmiyyətdəki fərqli qrupların arasındakı çəkişmələrlə qərarlaşdırılır. Mərkəzi hakimiyyətlərin sürətlə inkişaf etdiyi son üç-dörd əsrdə bu proses məhz bu hakimiyyətlər tərəfindən sifariş olunan və ya dəstəklənən irihəcmli standartlaşdırma layihələri tərəfindən həyata keçirilib. Məsələn, Birləşmiş Krallıqda Samuel Johnsonun İngilis Dilinin Lüğəti (1755) adlı əsəri, ABŞ-da Noah Websterin İngilis Dilinin Amerikan Lüğəti (1828) adlı kitabları ingilis dilinin yazılışının müvafiq ölkələrdə böyük ölçüdə standartlaşdırılmasına gətirib çıxarmışdır. Mərkəzdən gələn müdaxilələrə başqa bir örnək, bu qurumların apardığı əlifba islahatlarıdır. Heç də bir-birindən və indidən uzaq olmayan zaman və məkanlarda Azərbaycan dili ərəb, fars, latın və kiril əlifbaları ilə yazılmışdır. Bu əlifba keçidləri və onlara bağlı olan normalar siyasi, mədəni keçidlərlə paralel baş verib. Bütün bunlardan nə nəticə çıxarmaq olar?

  1. Orfoqrafiya dilin daxili qanunlarını (məsələn, ahəng qanunu) müəyyən qədər əks etdirir, onunla hesablaşmalı olur.
  2. Lakin, orfoqrafiyanın formalaşması, dəyişməsi, standartlaşdırılması mədəni və siyasi proses olub, ayrı-ayrı şəxslərin və qurumların təşəbbüsləri ilə baş verir.
  3. Fizika qanunlarından fərqli olaraq, orfoqrafiya siyasi və mədəni gedişatdan birbaşa təsirləndiyinə görə təbiətən açıq sonluqlu bir prosesdir.

Bu müşahidələr fonemik orfoqrafiya arqumentinin çox vaxt göstərildiyi kimi dilin daxilindən gələn tələbat yox, sosial bir təzyiq olduğunu görməyə icazə verir: yəni dilin hazırkı standartları ilə xoşbəxt olan insanlar, xoşbəxt olmayan insanları öz xoşladıqları qaydalara uymağa məcbur edir (Azərbaycanda bəzən bunu qanun, polis, cərimə gücü ilə belə edirlər). Sual edə bilərsiniz ki, bəs məsələn Bakı və ya Şəki ləhcəsində danışanlar öz tələffüzləri ilə yazılışları arasındakı birbaşa əlaqəni ortaq fayda naminə qurban veriblərsə, niyə biz hal-hazırkı normalarla xoşbəxt olan insanları qazanılması bu qədər əziyyətli olmuş standartlaşmadan kənara, orijinalı latın əlifbasında olan adları fonetik transkripsiya yolu ilə transliterasiya etməməyə çağırırıq, niyə stabilliyi pozmağa çalışırıq? Əlbəttə ki, bu sualın əsas cavabı təklif etdiyimiz yeni normaların praktikada gətirəcəyi faydalarıdır. Bu faydalar haqda aşağıda daha ətraflı danışacağıq. Lakin bu arqumentlərə keçməzdən əvvəl gəlin görək, Azərbaycan dilinin orfoqrafiyası əslində deyildiyi qədər fonemikdirmi, yoxsa yox.

Orfoqrafiyanın fonemikliyinin ən birinci istisnası əlifbanın özündədir. Belə ki, Azərbaycan əlifbasındakı “k” hərfi [k’] (tank, kanal) və [x’] (çiçək, çəki) səslərini işarə etmək üçün istifadə olunur. Bu isə tərkibində “k” hərfi olan minlərlə sözün tələffüzü ilə yazılışı arasındakı əlaqəni, ən azından nəzəri olaraq, qeyri-müəyyən edir. “Tank”ın necə tələffüz olunduğunu bilmək üçün bu sözü sosial bir mühitdə başqasından eşitməlisiniz (ya da ki, Beynəlxalq Fonetik Əlifba və oradakı səslərlə tanış olmalısınız). Azərbaycan dilini ana dili kimi öyrənən insanlar üçün bu proses uzun illər ərzində baş verdiyinə görə onlara nəyin nə olduğunu bilmək təbii gəlir, lakin Azərbaycan dilini ikinci dil kimi öyrənən adamlar hansı sözdə [k’] hansı sözdə [x’] istifadə olunduğunu bilmək üçün bu sözləri demək olar ki, bir-bir eşidib öyrənməlidirlər. Bir sözlə, əlifbanın özündə belə orfoqrafiyanın fonemikliyini azaldan element var ki, bu elementin yaratdığı qeyri-müəyyənliyi sosial yollarla, sözləri başqalarından eşidərək həll edirik.

Azərbaycan dilində fonemikliyin itdiyi digər əhəmiyyətli yer, şəkilçilərin tələffüzü ilə bağlıdır. Belə ki, -dan (axşamdan → [axşamnan]),-dən (gələndən → [gələnnən]), -la (çaydanla → [çaydannan]), -lə (gəlinlə → [gəlinnən]) və s. kimi şəkilçilərin oxunuşunda fonemikllik pozulur. Siyahını uzatmaq olar, amma məqsəd bu deyil. Digər bir çox şeydə olduğu kimi, orfoqrafiyanın fonemikliyi də bir spektrdir: yəni, bəzi dillərin orfoqrafiyası daha fonemik (məsələn, Azərbaycan dili), digərlərinki isə daha az fonemik ola bilər (məsələn, İngilis dili). Dilin bu spektr üzərindəki mövqeyi onun keyfiyyətini, düzgün istifadə olunma nisbətini, istifadəliliyini, ifadəliliyini birbaşa olaraq artırmır (İngilis və Azərbaycan dillərini müqayisəsi bunu rahatlıqla deməyə imkan verir). Bəlkə də iddia oluna bilər ki, daha fonemik olmaq sosial yolla öyrənməyə olan ehtiyacı azaldaraq orfoqrafiyanı öyrənməyi sadələşdirir. Məsələn, Azərbaycan dilində “ailə” sözündəki saitlərin tələffüzünü bilsəz, “dairə” sözündəki saitlərin yazılışını bilə bilərsiz. Müqayisə üçün, məsələn ingilis dilində “voice” sözündəki “oi” qrafemi ilə [ɔɪ] fonemi arasındakı əlaqəni bilmək, “choir” sözündəki eyni qrafemin [aɪə] səsinə uyğun gəldiyini təxmin edib bu sözü düzgün yazmağa imkan vermir. Bu sözün necə deyildiyini çox adam başqalarından eşidərək (və ya Beynəlxalq Fonetik Əlifba ilə tanış olaraq) öyrənir. Lakin Azərbaycan dili kimi çox sayda ləhcə və şivəsi olan dil üçün sosial öyrənməyə ehtiyacın olmadığı arqumentini irəli sürmək çox çətindir: doğrudur, Bakının göbəyində orta sinif bir ailədə yaşayıb böyüyən biri üçün danışdığı dil ilə yazılı dil arasında fərq bir o qədər də böyük olmaya bilər, amma regionlarda yaşayan bir insanın danışdığı və yazdığı dil arasında fərq bəzən çox böyük ola bilir. Sözügedən ikinci qrup yazılış ilə oxunuş arasındakı əlaqəni tapmaq üçün hələ də əziyyət çəkməli, oxunuşla yazı arasındakı əlaqəni sosial yollarla öyrənməli, bu zaman öyrəşdiyi normalardan kənara çıxmalıdır. Beləliklə, “daha fonemik orfoqrafiya = daha yaxşı Azərbaycan dili” iddiası konkret bir sosial mövqedən edilmiş bir iddia olduğunu görə bilirik.

Bəs necə edək ki, bu sosial mövqedə olan insanları öz təklifimizə, yəni, orijinalı latın əlifbası ilə yazılan insan adlarını olduğu kimi yazmağa inandıraq? Yüksək fonemikliyə malik orfoqrafiyamızın fonemikliyini azaldan bu istisnanı əlavə etmək bizə nə gətirir?

Latın əlifbalı dillərdən alınan adların yazılışı eynilə saxlanılmalıdır.

Hazırda başqa dillərdən gələn adların Azərbaycan dilinə uyğunlaşdırılması standardlaşdırılmamış, xaotik vəziyyətdədir. Vahid, geniş konsensusa malik, praktiki qaydaların formalaşmamış olması elmi və bədii məntlərdə qalmaqal yaratmışdır. Xarici adların müxtəlif yerlərdə çox müxtəlif şəkildə istifadə olunması yayğındır. Məsələn, Kanadanın hazırkı baş naziri Justin Trudeaunun adı gah Trüdo, gah da Tryudo yazılır. Watson adı kitablarda bəzən Uotson, bəzən isə Uatson şəklindədir. İstər böyük KİV, istərsə də dövlət orqanlarının səhifələrində bunun kimi misallara rast gəlmək çətin deyil. Bu hallar ilk növbədə yazının standartlaşmasının qarşısını alır və yazını yazanın kefindən, oxuma tərzindən, aksentindən asılı hala salır. Qeyri-standart yazı isə təbii dilin emalı (NLP) alətləri üçün problemlər yaradır.

Getdikcə qloballaşan dünyada ortaq istinadların əhəmiyyəti böyükdür. Sürətlə şəbəkələşən rəqəmsal dünyada, yəni internet erasında bu şəbəkəyə inteqrasiya olmayan informasiya heç bir praktiki məna daşımır. Google kimi qlobal axtarış proqramlarında asanlıqla tapılmayan məlumat informasiya partlayışı yaşayan çağda yoxa çıxacaqdır. Şəbəkəyə daxil olmaq isə onun kəsişmə nöqtələriylə bağ qurmaq deməkdir. Bu kəsişmə nöqtələri ortaq, çox istifadə olunan sözlər, yəni terminlər, qısaltmalar və adlardır. Charles Darwin adının beynəlxalq ümumişlək halından fərqli yazan əsər bu şəbəkədən kənarda qalacaq və nəticədə istər mətnin yazıldığı dilin istifadəçiləri üçün, istərsə də xarici oxucu üçün bu informasiya əlçatan olmayacaqdır. Xüsusilə Azərbaycan dili kimi kiçik dillər üçün bu labüddür.

Dünyada latın əlifbasını istifadə edən dillərin əksəriyyəti bunun fərqindədir və digər latın əlifbalı dillərdən götürdüyü adları eynilə yazmaqdadır. Bu iddiamızı əsaslandırmaq üçün vikipediya ensiklopediyasından nümunə olaraq, bəzi görkəmli şəxslər haqqındakı məqalələrin statistikasını çıxardıq (Cədvəl 1) və bəzi adların fərqli dillərdə necə yazıldığın araşdırdıq. Araşdırmamızın nəticələrinə görə, latın əlifbası istifadə edən dillərin 90%-i Karl Marx və Charles Darwin adlarının yazılışını müvafiq dildəki yazılışı uyğun olaraq qoruyub saxlayır. Elmi ədəbiyyat baxımından internetdə ən yüksək məqalə sayına malik 10 ən böyük latın-əlifbalı dillər isə istisnasız bu adları eynilə saxlayır (Cədvəl 1). Onların arasında Azərbaycan dilinə çox yaxın dil olan Türk dili də var.

Vikipediyada Charles Darwin məqaləsinə malik 114 latın əlifbalı dillərin 107-si alimin adını ingilis dilində olduğu kimi, Charles Darwin şəklində yazır. İtaliyan dilində w hərfi olmamağına baxmayaraq, ad eynilə istifadə olunur. Fərqlənən 7 dil içində 4-ü baltik dilləridir: latış dili Čārlzs Darvins, Kareliya və Fin dillərinə yaxın Vep dili Darvin Čarl’z, Eston dilinə yaxın olan Voro dili Darwini Charles və litva dilinin dialekti sayılan Samogit dili Čarlzos Darvėns; Latış dilində alimin sadəcə adı fərqli yazılır: Carolus Darwin. Süni dil olan Lojban dilində carl.daruin. şəklindədir. Yeddinci fərqlənən dil isə Azərbaycan dilinin özüdür: Çarlz Darvin. Bu dillərin heç birinin istifadəçi sayı Azərbaycan dilinin istifadəçi sayına yaxın deyil və ona görə də, standartlaşdırılma təzyiqini eyni qədər hiss etmir.

Qısaltmalarda da vəziyyət çox fərqli deyil (Cədvəl 2). Böyük dillərin çoxu qısaltmaları ingilis dili ilə eyni saxlayır. DNA (Deoxyribonucleic acid) adı bu 10 dildən 7-sində qorunub. Alman dilində qısaltma DNS (Desoxyribonukleinsäure) olmalı ikən, bu dildəki elmi əsərlərin böyük əksəriyyətində DNA istifadə olunur.

Bu və bunun kimi nümunələr onu göstərir ki, latın əlifbası istifadə edən dillərin çoxu qısaltmaları ilə bilinən sözlərin (virus, gen, bir sıra biokimyəvi maddələrin və s.) qısaltmalarını orijinal dildəki (çox vaxt ingilis dilindəki) formasına uyğun kimi saxlayır. Azərbaycan dilinin istifadəçiləri də bir müddət bundan əvvəl COVİD-19 adlı xəstəliyin qısaltma adını ingilis dilindəki varianta uyğun olaraq yazaraq qayda olaraq qəbul edə biləcəyimiz bu prinsipin əslində insanlar tərəfindən təbii şəkildə qəbul oluna biləcəyini göstərdi. Azərbaycan dilindəki Azərbaycan Sovet Ensiklopediyası (ASE) kimi fundamental mənbələrdə və digər yerlərdə yazılmış və dildə müəyyən qədər oturuşmuş terminlər bu qaydaya kiçik bir istisna qrupu təşkil edə bilər, lakin burada belə bizim təklifimiz dili standartlaşdırmaq və digər dillərlə əlaqələndirmək adına, ancaq bir qaydadan istifadə etməkdə fayda var: qısaltmaları ilə bilinən bioloji terminlərin qısaltmaları ingilis dilindəkinə uyğun yazılsın. [Bu və məqalədə sözü gedən digər təkliflərə yığcam orfoqrafiya qaydaları toplusu şəklində baxmaq üçün: İsbarov (2020)]

Məqalədə həm sadaladığımız dəlillər əsasında, həm də Azərbaycan dilindəki mövcud vəziyyətlə bağlı müşahidələrdən yola çıxaraq, latın əlifbası istifadə edən dillərdən alınan adların eynilə yazılmalı olduğunu iddia edirik. Müəyyən bir adda Azərbaycan dilinin rəsmi əlifbasında olmayan hərflərin olub olmamasından asılı olmayaraq, bu qayda tətbiq olunmalıdır. Eyni zamanda, bunun əksinə də nail olmaq üçün həm dövlət miqyasında, həm də şəxsi sferada çalışmalar aparmaq lazımdır; yəni, Azərbaycan dilindəki adlar da eynilə, dəyişdirilmədən digər latın əlifbası istifadə edən dillərə keçməlidir. Bu dəyişmənin kiçik də olsa işarəsini artıq görmək mümkündür. Belə ki, Qarabağ Futbol Klubunun adı ingilis dilidəki mənbələrdə artıq Azərbaycan dilində olduğu kimi yazılmağa başlamışdır. Ümumi götürdükdə, elmi ədəbiyyatın ad və terminlərini standartlaşdırarkən iki şey əsas alınmalıdır: (1) Beynəlxalq elmi ədəbiyyat ilə uyğunluq; (2) Azərbaycan dilində olan əvvəlki ana mətnlər ilə uyğunluq. Bu ikisi arasında optimal nöqtəni tapmaq üçün, Azərbaycan dilinə standardlaşdırıcı istinad databazalar lazımdır.

14 May 2020

Qeyd

  1. Bu yazı ilə paralel dərc etdiyimiz məqalədə burada sözünü açdığımız qaydaların tam olaraq necə istifadə olunduğunu qeyd edirik. Məqalədə adların yazılışı, onlara şəkilçilərin əlavə olunması, latınca elmi adların istifadəsi məsələləri ilə bağlı konkret yazılış normaları verilib. HTL çərçivəsində tərcümə olunan kitablarda bu normaları rəhbər götürülür.
  2. Yazının müəlliflərindən biri fərdi miqyasda öz adının dəyişdirilmədən latın əlifbasına keçirilməsinə çalışır. Bunun üçün o, emailindəki imza yerinə “ingilisləşdirilmiş” adını yox, adının Azərbaycan dilindəki yazılışına uyğun versiyanı qoyur və onun altında İPA formatında düzgün tələffüzü qeyd edir. Siz də oxşar praktikadan yararlanmaq istəyirsinizsə, Azərbaycan dilindəki səslərin İPA əlifbasında necə yazıldığını buradan öyrənə bilərsiniz.
    • Ərtoğrul Alışbəyli
      [ærtɔɣrul alɯʃbæjlɪ]

Latın-əlifbalı dillərdən alınan xarici adların yazılışı üzərinə” ilə bağlı bir rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt