İqlim Dəyişikliyini Anlamaq

Qlobal iqlim dəyişikliyi elm niyə lazımdır, nəyə görə ona vəsait və diqqət ayırmalıyıq sualına veriləcək əsas cavabdır. Buna baxmayaraq, eyni zamanda Elmi Spektrdə haqqında indiyədək yazılmamış bir mövzudur. Mövzunu ələ almamağımızın yeganə səbəbi ekologiya və çevrə elmi üzrə təhsil almadığımız və sahələrin dərinliklərinə bələd olmadığımız idi. Amma necə deyərlər, “çarəsiz vaxtlar çarəsiz əməllər tələb edir.” Əgər iqlim alimlərinin təxminləri həqiqətən də doğrudursa — ki, ümidvaram ki, deyil — və siz də bir çox insan kimi hələ bundan sonra uzun illər yaşamaq (və ya uşaqlarınızın yaşamasını) istəyirsinizsə, əlinizdəki işi atıb bu mövzuya diqqət ayırsaq çox yaxşı olar, çünki əks halda “gələcək” olmayacağına görə, hal-hazırda elədiyimiz işlərin də belə bir mənası yoxdur: nə qədər təəssüfləndirici bir fikir olsa da, həqiqət budur ki, etdiyimiz şeyin mənası yalnız və yalnız konktekstdən asılıdır. Yəni, insan cəmiyyəti, onun mövcud olması üçün yararlı bir mühit olmadıqdan sonra etdiklərimizin heç birinin heç bir mənası yoxdur və olmayacaq. İnsanlığın bir bütün olaraq keçirdiyi (və ya keçirməli olduğu) bu ekzistensial krizdən dolayı risk edib, mövzu üzrə mütəxəssis olmasaq belə, bu mövzunu diqqət mərkəzimizə yerləşdirəcəyik və bacardığımız qədər iqlim dəyişikliyi mövzusu ətrafındakı qaranlığ(ımız)ı aydınlatmağa çalışacağıq, çünki vəziyyətin bu yerə gəlib çıxmasında bir neft-qaz ölkəsi olaraq bizim də kifayət qədər böyük günahımız var.


Bu özünüaydınlatma təşəbbüsündə iqlim dəyişikliyi mövzusunda heç bir şey bilməyən, sadəcə ucundan-qulağından bir şeylər eşidən adam mövqeyindən başlayıb yavaş-yavaş dərinə gedəcəyik. Adi azərbaycanlı iqlim dəyişikliyi haqda nə bilir? Bunu təxmin etmək çətindir, çünki yazını yazarkən bu mövzuda aparılmış araşdırmaya rast gəlmədim (baxmayaraq ki, belə bir tədqiqat dövrümüz üçün kritik bir sosioloji informasiya mənbəyi ola bilərdi). Buna baxmayaraq, iqlim dəyişikliyi dedikdə bir çoxunun beynində yəqin ki, aşağıdakı fikirlərdən ibarət qarışıq bir şey canlanır: qlobal istiləşmə,  ozon dəliyi, buzların əriməsi, karbon dioksid səviyyəsində artma, sellər, təbii fəlakətlər, quraqlıq, şoranlaşma, içməli su ehtiyatında azalma. Bütün bunların insan fəaliyyətindən qaynaqlandığı fikri də hamıya məlumdur. Son olaraq, bu gedişlə gedərsək dünyanın hansı şəkildə dəyişəcəyi ilə bağlı müxtəlif qorxunc ssenarilərə də mediyada tez-tez yer verilir. Beləliklə, adi insan olaraq, qlobal iqlim dəyişikliyinin nə olduğu, nədən yarandığı, nəyə gətirib çıxaracağı ilə bağlı müəyyən bir fikrə malikik. Lakin bu fikir iqlim dəyişikliyini çoxumuz üçün kifayət qədər təcili bir problem etmir. Niyə? Hər halda ona görə ki, mediyada oxuduğumuz qorxunc ssenarilərin hamısı 30-50 il sonra ilə bağlı proqnozlardır və bu zaman kəsiyi insanların haqqında düşünə biləcəyi və ya planlar qura biləcəyi bir interval deyil: düşüncəmiz adətən bir neçə gün, həftə, ay və il miqyasında işləyir; bir neçə onillik bizim kimi canlılar üçün qavranıla bilən bir zaman deyil. Çoxumuza elə gəlir ki, əgər iqlim alimlərinin 2050-ci illə bağlı dedikləri şeylər həqiqətən də doğrudursa, nəticələri qəflətən elə 2050-ci ildə ortaya çıxacaq və o vaxta qədər indiyə kimi necə yaşamışıqsa, elə də yaşaya bilərik. Lakin təəssüf ki, bizim dünyanı necə qavradığımızdan asılı olmayaraq, dünyadakı bəzi proseslər qəflətən yox uzun zaman miqyasında inkişaf edir və aşağıda da görəcəyimiz kimi, iqlim məfhumu da belələrindəndir. Ona görə də, bənzətməmə görə üzr istəyirəm, amma əgər doğrudan da dünyanı edam ediriksə, bunu çoxlarının intuitiv olaraq düşündüyü kimi gilyotinlə və ya qəfildən yox, yavaş-yavaş işgəncə vasitəsilə edirik. Bu isə o deməkdir ki, bu mövzuya olan etinasızlığımız uşaqlarımızdan, nəvələrimizdən çox-çox əvvəl elə bizim özümüzə təsirə edir. Amma bu yazılar seriyası oxucunu qorxutmağa, tələsdirməyə çalışmayacaq. Ənənəvi mediyanın istifadə etdiyi qorxu taktikası bəzən effektiv olsa da, düşünürəm ki, nə qədər təcili olsa da, bu mövzuda ağır başlı düşünmək, həqiqəti daha yaxından araşdırmaq məsələnin nə qədər ciddi və təcili olduğu barədə fikir yaratmaq üçün daha əlverişli yoldur.

Qlobal iqlim dəyişikliyini anlamağa doğru gedən yolda ilk mənzilimiz iqlim anlayışı olacaq: iqlim nədir? Bu sözü əsasən iqlim dəyişikliyi kontekstində eşitdiyimizə görə (və iqlim dəyişikliyini indiyədək gözardı etdiyimizə görə) bu anlayışın tam mənası çoxları üçün aydın deyil. İqlimi anlamaq üçün ilk öncə havanın nə olduğunu bilməliyik. Hava atmosferin ani vəziyyətidir. Bütün elmi anlayışlar kimi, hava anlayışının da təməlində duyğu orqanlarımızla və cihazlarımızla haqqında məlumat ala biləcəyimiz və daha da önəmlisi, ölçə biləcəyimiz məfhumlar durur. Hava temperatur, yağıntı, rütubət, təzyiq, buludluluq, radiasiya, külək və görünürlük kimi fərqli və ölçüləbilən faktorların bütünüdür. Bütün bu faktorları müəyyən standartlara əsasən müəyyən alətlərlə ölçüb rəqəmlərlə ifadə edə bilərik. Hava anlayışı ilə yaxından əlaqəli olan iqlim anlayışı isə, qısaca desək, havanın uzunmüddətli statistikasıdır. Yəni, bütün alətlərinizi çıxarıb temperaturu, rütubəti, küləyin sürətini və s. ölçüb havanın necə olduğunu deyə bilərsiniz, amma iqlimin necə olduğunu demək üçün bu ölçüləri uzun illər boyu (bəzi mənbələrə görə, məsələn, 30 il boyu) aparıb, onları müəyyən statistik göstəricilərlə ifadə etməlisiniz (məsələn, ortalama).

Havanı ani olaraq ölçə biliriksə, iqlim nəyimizə lazımdır deyə soruşa bilərsiniz. Bunu anlamaq üçün havanın və iqlimi təyin edən faktorların nə olduğu ilə bağlı müəyyən şeyləri bilməliyik. Havanın necəliyini təyin edən şeylərə misal olaraq günün saatı (Yerin öz oxu ətrafında vurduğu dövrə), yağışın yağması və atmosfer təzyiqində yaranan dəyişiklikləri göstərmək olar. Bu şeylərin dinamikasını gün, saat, dəqiqə miqyasında ölçmək olar. Yəni, hava şəraitinə təsir edən amillər nisbətən zaman miqyasında dəyişir. Lakin yuxarıda da qeyd etdiyim kimi, dünyada heç də hər şey belə qısa zaman miqyasında dəyişmir: məsələn, materiklərin bir-birindən ayrılması üçün milyon illərlə vaxt lazımdır, meşələrin böyüməsi, göllərin quruması, canlı növlərinin əmələ gəlməsi kimi şeylər uzun illər, əsrlər alan şeylərdir. Onların dinamikasını ölçmək üçün uzun illər alətlərinizi çöldə saxlayıb periodik olaraq ölçmələr aparmalı və əldə etdiyiniz ölçmələri yığcam şəkildə (məsələn, ortalama şəklində) ifadə etməlisiniz. İqlim də məhz bu uzun zaman miqyasında dəyişən proseslərin yaratdığı və dəyişdirdiyi bir məfhumdur. Belə uzunmüddətli prosesləri öyrənmək və izləmək elmi baxımdan maraqlı olsa da, insanlar üçün konkret praktiki əhəmiyyət kəsb edir. Belə ki, bir şeyin daha çox uzun müddətdə dəyişməsi o deməkdir ki, həmin şey qısa müddətdə böyük ölçüdə dəyişməz qalır. Ona görə də, əgər son 30 ildəki hava temperaturunu bilirsinizsə, bu sizə gələn il havanın necə olacağı, neçə ton pomidor alacağınızla bağlı müəyyən bir fikir verə bilər və yəqin ki, razılaşarınız, pomidorun gələn il necə olacağını təxmin edə bilmək hamı üçün əhəmiyyətlidir.

Pomidor nə qədər vacib olsa da, düşünürəm ki, hava və iqlim arasındakı kritik fərqi və zaman miqyası anlayışını başa düşmək üçün əlavə bir bənzətməyə ehtiyac var. Çoxları insanlar davranışlarını anlamaqda maraqlıdır. Məsələn, deyək ki, bir qrup şəxs bankdan çox sayda insana aid olan pulu oğurlayır. Sual edə bilərik, niyə? Buna cavab olaraq aşağıdakı səbəbləri gətirə bilərsiniz:

  1. Çünki adamlar buna icazə verən sənədi imzalamışdılar.
  2. Çünki oğrular pulun olduğu otaqda idilər.
  3. Çünki oğruların açarları var idi.
  4. Çünki oğrulara universitetdə oğrulamağı öyrətmişdilər.
  5. Çünki oğrulara həyatda başqa seçim verilməmişdi.
  6. Çünki adamlara pulları maraqlı deyildi.

Siyahını uzatmaq olar. Lakin burada bir şeyə diqqətinizi cəlb etmək istəyirəm: hər bir açıqlamanı müəyyən zaman və məkan miqyasında anlamaq olar. [1-3] səbəbləri daha tez-tez dəyişəbilən səbəblərdir. Oğrular həmin açarları unutmuş ola bilərdilər, həmin otaqda yox, kafedə olmuş ola bilərdilər, pulu oğrulanan adamlar sənədə imza atmaya bilərdilər. Bu şərtlərin və ya hərəkətlərin hər biri qısa zaman kəsiyində dəyişə bilər. Lakin [4-6]-dakı səbəblərə baxsaq, onlardakı hər hansı bir dəyişmənin bu qədər tez olmayacağını görə bilərsiniz: universitet proqramını dəyişdirmək üçün aylarla, illərlə müzakirələr aparılmalıdır, insanlara karyera seçimi verə bilmək üçün məsələn ümumi rifah səviyyəsi yuxarı olmalıdır, insanların maraqlarını isə keçdikləri həyat yolları, uşaqlıqları, təhsilləri, və s. kimi faktorlar təyin edir, onları dəyişdirmək üçün illər lazımdır. İqlimlə hava arasındakı əlaqə də təxminən belə bir əlaqədir. Əlbəttə, buludun şəhərin üzərindən nə vaxt keçəcəyi, yağışın nə vaxt yağacağı, sabah temperaturun neçə dərəcə olacağı hamı üçün maraqlıdır, çünki bunları nəzərə alaraq müəyyən paltarları geyinirik, müəyyən yerlərə gedirik. Lakin, havanın gələn illərdə nə qədər isti, quraq olacağı, ucu-bucağı görünməyən gölün nəyə görə səhraya çevriləcəyi də ən azı eyni qədər maraqlıdır.

Son ~150 ildə iqlim haqda əsasən atmosferdən edilmiş ölçülər üzərindən öyrənsək də (keçmişdəki iqlim şəraiti haqda torpaqdan və buzdan da məlumatlar almaq olar – bu haqda gələcəkdə danışacağıq), iqlimi təkcə atmosferdə yerləşən şeylər təyin etmir. İqlim biosfer (canlılar aləmi), hidrosfer (su dünyası), atmosfer və geosferin (yer) qarşılıqlı əlaqəsinin nəticəsi olan bir prosesdir. Atmosferdəki qaz halında olan molekullar, yer səthindəki maye və bərk halda əşyalarla (məsələn, insanlar) qarşılıqlı əlaqəyə keçir və bu kimi əlaqələrin fizikası iqlimin necəliyini təyin edir. Bu o deməkdir ki, iqlimdəki dəyişikliklərin çoxsaylı və bir-birindən asılı  səbəbləri olur. Bəs bu səbəbləri bir-birindən necə ayırmalı, nəyin nəyə necə təsir etdiyini necə araşdırmalı? Bu suala cavab tapmaq səsləndiyi qədər asan deyil və lakin iqlim sahəsindəki elmi prosesin ümumi çalarlarını anlamaq üçün daha tanış bir misala nəzər sala bilərik.

Deyək ki, bir botanik var və alimimiz bitkinin inkişafını anlamaq istəyir. Bu mövzu ilə maraqlanan botanik axtardığı cavabları tapmaq üçün nə edər? İlkin addım nələrin inkişaf üçün potensial olaraq vacib faktor olduğu ilə bağlı müəyyən fikir əldə etməkdir. Bunun üçün əvvəlki və başqa sahələrdəki araşdırmalardan öyrənmək və yaxud sadəcə intuisiyadan istifadə etmək olar. İlkin araşdırmanın nəticəsində botanikimiz istilik, rütubət, işıq miqdarı kimi ölçülə  bilən faktorların vacib ola biləcəyi ilə bağlı təxminlər yaratmağa başlayır. Fərqli faktorların hansı təsirə malik olduğunu öyrənmək üçün botanikimiz bu faktorların birindən başqa hamısını sabit saxlayır, sabit saxlamadığını isə diqqətlə, ölçə-ölçə dəyişdirir (elmi proses, asılı və müstəqil dəyişənlər haqda daha ətraflı Niftullayev (2016)-dan oxuya bilərsiniz). Sadalanan faktorları dəyişdirə-dəyişdirə, alimimiz eyni zamanda bitkinin bu dəyişikliklərə necə reaksiya verdiyini (boyundakı dəyişmələr, yarpaq sayı və s.) də ölçür qeyd edir. Edilən şeyi ən bəsit şəkildə aşağıdakı kimi göstərmək olar:

Burada bitkini və ya daha dəqiq desək, onun inkişafında iştirak edən faktorları bir sistem kimi, dəyişdirilən temperaturu, rütubəti giriş, boydakı dəyişmələri, yarpaq sayını isə inkişaf sisteminin verdiyi çıxış kimi qəbul edə bilərik. Alimimiz girişlə çıxış arasındakı səbəb-nəticə əlaqəsini qurmaq üçün bu iki fərqli növ ölçmələrin bir-birinə uyğun olaraq dəyişdiyini göstərməlidir. Deyək ki, bir təcrübədə alimimiz rütubətin böyüməyə təsirini öyrənmək istəyir. Bunun üçün o fərqli rütubət şəraitində saxlanmış bitkilərin boyundakı dəyişiklikləri, yəni, böyümə prosesini zamanda izləyir və ölçülərini aparır (Şəkil 1).

Şəkil 1. Bitki inkişafında fərqli faktorların rolu. A) Yaşıl rəngli nöqtələr fərqli rütubət dərəcələrində böyümənin necə getdiyini göstərir. Sarı rəngli nöqtə isə müəyyən standart şəraitdə saxlandıqda eyni bitkilərin verdiyi reaksiyanı göstərir (kontrol). B) Fərqli temperaturlarda böyüyən bitkilərin böyümə prosesi qırmızının fərqli çalarları ilə göstərilmişdir. A-da olduğu kimi, burada da sarı rəngli nöqtə istinad məqsədilə, kontrol şəraitində böyüyən bitkinin böyüməsini göstərir.
Qeyd: Bu qrafik heç bir şəkildə həqiqəti əks etdirmir, sadəcə pedaqoji məqsəd daşıyır və müəllif tərəfindən uydurulub.

Təcrübənin nəticələrinə baxan hamı fərqli rütubət dərəcələrinin bitkinin böyümə sürətinə və tərzinə fərqli şəkildə təsir etdiyini görə bilər. Belə ki, 25 g / kg hava rütubətdə böyüyən bitkilər ən sürətlə böyüyüb ən hündür boya çatırsa, yüksək rütubətdə böyüyən bitkilər daha aşağı sürətlə böyüyür və bir o qədər də hündür olmur. Digər tərəfdən fərqli temperaturlarda böyüyən bitkilərin böyümə sürətində və miqdarında fərqlilik olmadığını da görə bilərik (əlbəttə bunun səbəbi qrafikdə göstərilən datanın sırf pedaqoji məqsəd daşıdığı və tamamilə uydurulmuş olmasıdır; lakin, gəlin hələlik həqiqətin belə olduğunu qəbul edək). Bu nöqtədə iki kritik məsələyə diqqət göstərmək lazımdır. Bunlardan birincisi odur ki, biz ilk öncə daha ümumi bir şey olan bitki inkişafına olan maraqla başlayıb, daha sonra bu inkişafın göstəricisi olaraq boydakı dəyişmələri seçdik. Yəni, inkişaf kimi çoxfaktorlu bir prosesi ölçüləbilən bir göstəriciyə endirdik. İkinci məsələ isə inkişafa təsir etdikləri düşünülən faktorların bəzilərini (bu misalda, rütubəti) dəyişdirəndə böyümənin dəyişməsi, digərlərinin isə (bu misalda, temperaturun) böyüməyə təsir etməməsidir. Əgər bir faktorun dəyişdirilməsi ilə alınan nəticələr, normal kimi qəbul edilən şəraitdən alınan nəticələrdən sistematik olaraq fərqlənirsə, o zaman alim həmin faktorun böyüməyə birbaşa təsir etdiyi qənaətinə gəlir. Təsvir etdiyimiz bu proses elmdə səbəb-nəticə əlaqələrini tapmaq üçün ən çox istifadə olunan metodlardandır.

Bəs bu prosesi iqlim araşdırmaları kontekstinə necə tərcümə etmək olar? Necə ki, bitkinin böyüməsi ilə maraqlanan botanik temperatur, işıq miqdarı, torpağın kimyəvi tərkibi kimi faktorları (və yaxud girişləri) ayrı-ayrılıqda ölçüb, dəyişdirirsə, iqlimi formalaşdıran səbəbləri anlamaq üçün iqlim alimləri də müəyyən maddələrin (məsələn, karbon dioksidin) havadakı sıxlığını, yer səthinin xüsusiyyətlərini (məsələn, yaşıllıq ərazi) və s. kimi dəyişdirilə bilən faktorları izləyir. Sadalanan faktorları dəyişən və ya texniki ifadə ilə desək, giriş, kimi görsək, bəs çıxış nə olar? Bu ssenaridə çıxış, iqlim adlandırdığımız şeyi ifadə edən, ölçülə bilən şeylər olmalıdır. Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, bunlara temperatur, rütubət, yağıntı kimi ölçülə bilən bir sıra faktorlar aiddir. Buradan belə bir nəticəyə gəlmək olar ki, iqlim aliminin əsas elmi qayəsi bunlardır:

  1. İqlimin həqiqətən də dəyişən bir şey olduğunu göstərmək və bu dəyişmələri ifadə edən və ölçülə bilən göstəriciləri (məsələn, temperatur, yağıntı, və s.) və yaxud “çıxışları” təyin etmək;
  2. İqlimi dəyişdirmək gücündə olan potensial faktorları (məsələn, vulkan fəaliyyətini, sənaye və s.) təyin etmək  və bu faktorlardakı dəyişikliyi göstərən göstəriciləri və yaxud “girişləri” təyin etmək;
  3. Girişlə çıxış arasındakı əlaqənin olub-olmadığını, əlaqə varsa, bu əlaqənin səbəb-nəticə əlaqəsi olub-olmadığını təyin etmək.

Sadalanan məsələlər iqlim araşdırmalarının amalını yığcam şəkildə ifadə edir. Lakin prosesi anlamaq üçün sahənin əsas kəşflərinə daha yaxından nəzər salmalıyıq. Həm də onu qeyd etmək lazımdır ki, yuxarıda sadalanan addımlar nə qədər məntiqi ardıcıllıqla düzülsə də, əslində elmi proses bu qədər səliqəli ardıcıllıqla getmir. Məsələn, iqlim dəyişməsinin əsas mexanizmlərindən biri (yəqin ki, birincisi) sayılan “parnik effekti”nin Joseph Fourier tərəfindən irəli sürülməsi, iqlimin dəyişib-dəyişmədiyi ilə bağlı elmi debatların başladığı illərə təsadüf edir (bu barədə irəlidə danışacağıq). Ona görə də, bu yazılar seriyasını xronoloji ardıcıllıq kimi görmək düzgün deyil. Burada məqsəd daha çox iqlim dəyişikliyi ətrafında irəli sürülmüş nəzəriyyələrin, edilmiş kəşflərin, davam etməkdə olan mübahisələrin məntiqini və təbiətini anlamaqdır.

Yazılar seriyasına hamıya tanış olan, insan fəaliyyəti ilə əlaqələndirilmiş qlobal istiləşməyə nəzər salaraq başlayacağıq, çünki temperatur iqlimin əsas xüsusiyyətlərindəndir və ondakı dəyişmələrin nələrə gətirib çıxaracağını intuitiv olaraq anlamaq daha rahatdır. Yuxarıda qeyd etdiyimiz üç mərhələdən bir-bir keçərək sahədə edilən iddiaların nə qədər əsaslı olub-olmadığını başa düşməyə çalışacağıq. İqlim dəyişikliyi dedikdə çox adama tanış olan və həmişə birlikdə göstərilən temperaturun və karbon dioksid miqdarının tarixi dəyişmələrini göstərən qrafikin (Şəkil 2) hansı formada ortaya çıxarıldığını araşdırıb, nə məna kəsb etdiyini başa düşməyə çalışacağıq. Düşünürəm ki, bir elmi tapıntının həqiqətən də anlaşılması üçün ölçmələrin necə aparıldığını və daha da önəmlisi, hansı fərziyyələr üzərinə aparıldığını bilmək lazımdır və gələcək yazılarda da məhz bunu gözlər önünə sərməyə cəhd edəcəyik.

Şəkil 2. Temperatur və karbon dioksid miqdarındakı dəyişmələr. Yuxarıdakı qrafik “xokkey çubuğu” kimi bilinən və son 1000 ilə aid temperatur dəyişmələrini göstərir (Mann, Bradley və Hughe, 1998). Aşağıdakı qrafik isə ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının Mauna Loa, Havay rəsədxanasında atmosferdən aparılmış karbon dioksid qatılığı ölçmələrini göstərir (1958-ci ildən 2010-cu ilə qədər). Qeyd edək ki, bu gün karbon dioksid qatılığı artıq 400 ppm-i keçib.

Mənbələr

  • Bridgman, H. A., & Oliver, J. E. (2014). The global climate system: patterns, processes, and teleconnections. Cambridge University Press.
  • Farmer, G. T., & Cook, J. (2013). Climate Change Science: A Modern Synthesis: Volume 1-The Physical Climate (Vol. 1). Springer Science & Business Media.
  • Mann, M. E., Bradley, R. S., & Hughes, M. K. (1998). Global-scale temperature patterns and climate forcing over the past six centuries. Nature, 392(6678), 779.
  • Niftullayev, S. (2016). Qərəz və Kontrol Təcrübələr. Elmi Spektr.
  • Yer Sistemi Tədqiqat Laboratoriyası (2019). Trends in Atmospheric Carbon Dioxide. National Oceanic and Atmospheric Administration. Alınıb: https://www.esrl.noaa.gov/gmd/ccgg/trends/
  • Weart, S. R. (2008). The discovery of global warming. Harvard University Press.

Rəsm əsəri: Landscape of Change (Dəyişmə Landşaftı)

Müəllif: Jill Pelto

Dəyişmə Landşaftı dəniz səviyyəsində artım, buzlaq həcmində azalma, artan qlobal temperatur və artan fosil yanacağı istifadəsi ilə bağlı datadan istifadə edir. Bu data xətləri hazırda yaşamaqda olduğumuz və iqlim dəyişikliyi tərəfindən formalaşdırılan landşaftı əmələ gətirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt