İçmişəm Çaxır, Sellər, Sular Axır!

Macduff: İçki hansı üç şeyi təşviq edir?

Porter: Bəs necə cənab, əlbəttə ki, qızarmış burun, yuxu və sidik. Şəhvət hissini isə, cənab, o, həm təşviq edir, həm də basqılayır: yəni, istəyini təşviq edir, amma, icrasını basqılayır.

“Macbeth”, William Shakespeare

Yəqin heç bir kəs şübhə etməz ki, alkoqolun kəşfindən ta günümüzə qədər bir çox bəni-adəm içib-içib, qanadlanıb mavi səmaya. Elə bu bir çox bəni-adəmin də tutarlı bir qismi, səhər, bihuş edici içkinin təsirindən azad olduqda, özlərini mavi səma əvəzinə çox narahat bir vəziyyətdə tapırlar. Biz mentalitetimizə sadiq, ədəbli bir xalq olduğumuz üçün, dilimizdə bu hala müvafiq bir söz yoxdur. İşdir, hər kim isə ədəbsizlik edib bu hala düçar olarsa, onlarını halını izah etmək üçün, vəziyyətlə yaxından tanış olan rus qardaşlarımızın dilini müraciət edir və “paxmel” (rus: похмелье) sözünü istifadə edirik. Hər nə isə, kişinin başına iş gələr (elə qadının da)! Bəs nədir axı dağ kimi igidləri, gözəl-göyçək xanımları bu kökə salan? Axı bu alkoqol bədənimizdə nə kimi fəaliyyətlər göstərir?

Gəlin öncə “paxmel”in necə bir şey olduğunu bir daha, qısaca gözdən keçirək (düşünürəm ki, tez-tez, əyani formada yaşadığı bir şeyi uzun-uzadı oxumaq heç kəsin sinəsinə yatan məsələ deyil). “Paxmel” yüksək miqdar alkoqol qəbulundan sonra yaşanan, bir sıra xoşagəlməz fiziki və ruhi əlamətlər toplusudur (Cədvəl 1). Kimi insanda bir neçə saat, kimi insanda 1 gün çəkən; kimisində isə, heç müşahidə olunmayan bu fenomenin ərsəyə gəlməsində alkoqolun insan bədənində səbəb olduğu bir sıra proseslər roy oynayır. Lakin, qərara almışam ki, bu gün yalnız dehidratasiya (ing: dehydration) barədə danışım. Sözün yazılışına baxıb hürkmək lazım deyil: sadəcə olaraq, bədənin su itirməsinə verilən təmtərahlı bir addır. Qoy onda bu kiçik məqalə məclisin ən qızğın məqamlarını, içdiyi alkoqolun təsirindən, ayaqyolunda keçirən bacı və qardaşlarımız üçün gəlsin.

Cədvəl 1. Yüksək miqdar alkoqol qəbulunun orqanizmdə səbəb olduğu fiziki və ruhi əlamətlər (Swift R. et al., 1998)

Fiziki əlamətlər

Ruhi əlamətlər
Yorğunluq, başağrısı, işığa və səsə qarşı aşırı həssaslıq, gözlərdə qızartı, əzələ ağrıları və susuzluq (dehidratasiya)

Halsızlıq, başgicəllənmə (ing: vertigo), ruh düşkünlüyü, tez qıcıqlanma1, narahatlıq və s.

1- Bu faktor xəbərlərdə tez-tez gördüyümüz söyüş üstündə bıçaqlanma hallarının əsas səbəbidir.

Alkoqollu bədənin necə dehidratasiyanın ağuşuna düşdüyünü anlamaq üçün gərək ilk öncə normal (alkoqolsuz) bədənin necə funksiya göstərdiyini başa düşək. Belə ki, bədənimizdəki su-elektrolit balansının qorunması birbaşa böyrəklərimiz tərəfindən təmin olunur. Böyrəyin mikroskopik quruluşuna diqqət yetirsək, aydın olar ki, böyrək, bir sıra başqa strukturlarla yanaşı, nefron adlanan funksianal vahidlərdən təşkil olunub (Şəkil 1). Nefronlar kanalşəkkilli quruluşa malikdir ki, bu kanalların da fərqli qisimləri fərqli molekulların geri-sovrulmasını (ing: reabsorption) və qan dövranına geri ötürülməsini, ya da ifrazını (ing: secretion), dolayısı ilə də, sidik vasitəsi ilə, bədəndən uzaqlaşdırılmasını təmin edir. Bu yolla, bədən üçün vacib olan bir sıra molekulların (qlukoza, su, bəzi duzlar) sidiyin tərkibində itkisinin qarşısı alınır; eyni zamanda da, bədən üçün zərəli olan bir sıra maddələrin (sidik cövhəri (ing: urea)) və bədəndə lazımından artıq miqdarda olan su və elektrolitlərin sidik vasitəsi ilə xaric olunması əldə olunur.

Şəkil 1. Böyrək (a) və onun funksianal vahidi olan nefronun (b) strukturu (şəkildə haşiyə içərisində verilən nefron hissələrivazopressin hormonunun təsir hədəfləridir).
(Mənbə: İGBiology)

İlk baxışdan sadə görünən bu mühüm prosesinin dəqiqiliklə yerinə yetirilməsində bir çox orqandan ifraz olunan hormon və ya ikincil rabitə molekulları (ing: second messangers), olduqca mürəkkəb sxem üzrə iştirak edir. Belə molekullardan biri də hipofiz vəzinin arxa payından qan dövranına ifraz olunan vazopressin hormonudur (ADH— antidiuretic hormon— kimi də tanınır) (Şəkil 2). Vazopressin, Mərkəzi Sinir Sistemi (MSS), qan-damar sistemi və böyrəklərdə, qan təzyiqinin artırılmasından tutmuş, ta aqressiyanin və bədən temperaturunun idarəsinə, o cümlədən, hamiləlik dövründə stress ilə mübarizəyədək bir sıra proseslərin tənzimlənməsində rol oynayır. Bizim məqaləmiz isə, vazopressinin böyrəklər üzərindəki təsirinə köklənib: belə ki, vazopressin nefronların uzaq-qıvrımlı kanalcıqlarına (ing: distal convoluted tubules) və toplayıcı borularına (ing: collecting ducts) təsir edərək (Şəkil 2), suyun geri-sovrulmasını artırır, yəni, su tərkibi aşağı olan, daha qatı sidiyin formalaşmasına səbəb olur.

Şəkil 2. (a) Hipofiz vəzinin beyindəki mövqeyi  və (b) vazopressin hormonunun quruluşu (şəkildə haşiyə içərisində verilən struktur vazopressin hormonunu ifraz edən struktura əks etdirir). (Mənbə: http://goo.gl/odKewB)

İndi qayıdaq bu alkoqolun fərasətinə: beləki, alkoqolun insan bədənindəki çox saylı təsirlərindən biri və bəlkə də ən rahat müşahidə olunanı onun sidik ifrazı təlabatını artırmasıdır. Bəs bu necə baş verir? Alkoqol hipofiz vəzinin arxa payından vazopressin hormonunun sekresiyasını azaldır; bu isə, öz növbəsində, nefronların yuxarıda qeyd edilən hissələrindən suyun geri-sovrulmasını azaldır. Nəticədə, daha çox miqdarda və daha az qatılıqda sidik formalaşır ki, bunu da insan bədəni tez-tez sidik ifraz etməklə kompensasiya edir. Bu məcra ilə normadan artıq su itirən insan, təbii olaraq, susuzluq, baş ağrısı, selikli qişaların (ing: mucous lining) quruması və s. kimi bir sıra simptomlardan əziyyət çəkir. Deyəcəksiz ki, “onda dayanmadan su içək”. Heyif ki, bu da bir o qədər tutarlı çarə deyil, çünki içəcəyiniz suyun da böyük bir qismi bədəninizdəki suyun aqibəti ilə üzləşəcək: yəni, geri-sovrula bilməyib, bədəni sidik olaraq tərk edəcək. Odur ki, əgər gecə babatca alkoqol qəbul etmisinizsə, səhər də soyuqqanlı formada nəticələri ilə üzləşməlisiz. Necə deyərlər, özü düşən ağlamaz. Bir də, ən azından vəziyyətinizin niyə ağır olduğunun elmi səbəblərini az da olsa bildiyinizlə özünüzü ovundura bilərsiniz. Belə də ki, bir bardaq şərabla heç bir şey olmaz. İzninizlə, gedim dadına baxım.

Mənbələr

Ağayev, M. (2007). Nefrologiya. Bakı, Azərbaycan: Əbilov, Zeynalov və oğulları.

Epstein, M. (1997). Alcohol’s impact on kidney function. Alcohol health and research world, 21, 84-91.

Swift, R., & Davidson, D. (1998). Alcohol hangover. Alcohol Health Res World, 22, 54-60.

Əlavə məlumat üçün

http://science.howstuffworks.com

http://www.abc.net.au


Rəsm əsəri: Rembrandtın İşəyən adam (1631) adlı Amsterdamda Rijksmuseumda saxlanan əsəri.

Posts created 5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top