Hansı daha fundamentaldır: proseslər yoxsa cisimlər?

| Celso Vieira |

Metafizika reallığı əmələ gətirən hissələri, əqli və fiziki varlıqlar arasındakı fərqləri araşdırıb, varoluş və reallıqla bağlı fundamental suallara cavab axtararaq mövcudiyyətin necə işlədiyini anlamağa çalışmaq cəhdidir. Lakin metafizikaya sadəcə fəlsəfənin çox bilinməyən bir qolu deyə bilmərik: insanlar həyatda davamlı olaraq müəyyən metafizik fərzlər edirlər. Nəyin mövcud olduğu, nəyin fundamental olduğu ilə bağlı etdiyimiz fərzlər həyatımız üzərində böyük təsirə malik olur. Etdiyimiz fərzlərin nə olduğunu nə qədər az bilsək, bir o qədər həmin fərzlərin təyin etdiyi sərhədlərdə qalmış oluruq.

Qərb metafizikası əsasən cisim ideyasına bağlıdır. Biz kainatı çox vaxt atomlardan, molekullardan, təbii növlərdən, qalaktilardan ibarət cisimlərin toplamı kimi görürük. Cisimlər varoluşun ən təməl forması, kainatın ən təməl hissəsi kimi qəbul olunur. Var olan hər şey cisim kimi var olur. Yəni, cisim hansısa müəyyən növə aid, xüsusiyyətlərə sahib, zamanda və məkanda müəyyən sərhədlərə malik olan bir şeydir. Məsələn, Fido mənim itimdir, bozdur və bir il bundan əvvəl dünyaya gəlmişdir. (Qeyd edək ki, belə bir sadə açıqlama belə cisim metafizikləri arasında sonu görünməyən bir mübahisəyə gətirib çıxara bilər: realistlər bir təbii növ1 olan “itlər” kimi universalların2 varlığına inanır, nominalistlər isə bunun sadəcə əqli abstraksiya olduğunu düşünür.)


1 Analitik fəlsəfədə təbii növ termini bir-birilə müəyyən xassələrini paylaşan cisimlər qrupuna deyilir. Bunların ən məşhur misalları fizikadakı fundamental parçacıqlar, kimyəvi elementlər və bioloji növlərdir.

2 Metafizikada universal, bir sıra xüsusi şeyin paylaşdıqları xüsusiyyətlərə deyilir. Yəni, universallar xüsusi şeylərdə təkrar-təkrar təzahür edən xüsusiyyətlərdir. Məsələn, otaqda iki yaşıl stulun olduğunu düşünün. Bu iki stulun “stulluq” və “yaşıllıq” xüsusiyyətlərini paylaşırlar; başqa sözlə “universal” paylaşırlar.


Cisim metafizikası Qərbdə ortaq düşüncənin (ing. common sense) təməlində dursa da, onun doğru olmadığını düşünürəm. Bunu anlamaq üçün stəkandakı su ilə bağlı tez-tez deyilən klişeyə nəzər salaq: stəkan yarı-boşdur yoxsa yarı-dolu? Sual cisimlərin hansısa sabit düzülüşünün optimist və ya pessimist şərh üçün əsas təşkil edə biləcəyini fərz edir. Vəziyyətin fiziki düzülüşünü təsvir etməyin düzgün yolları və ya psixoloji dəyərləndirmələrin dəyəri ilə bağlı uzun-uzadı mübahisə etmək olar. Lakin sual edə bilərik, əgər “stəkanda su” konseptual çərçivəsi bizə lazım olan məlumatı vermirsə, bəs onda necə? Hamı dolu stəkanın boşalmasındansa, boş stəkanın dolmasını istəyər. Ona görə də, prosesin necə getdiyini nəzərə almayan analiz arzuolunan nəticəyə vara bilməz və cisim metafizikasının gözdən qaçırdığı məsələ də məhz budur. Proses filosoflarına görə dünyaya sabit (statik) və əlaqəsiz cisimlərin yığını kimi yox, onu əmələ gətirən proseslərin çoxluğu kimi baxmalıyıq. Cisimlər yox, proseslərdir təməl olan.

Proses metafizikasının ən məşhur təsviri Sokrat öncəsi Yunan filosoflarından olan Heraklitusa aiddir: “Eyni çaya iki dəfə girmək mümkün deyil” – çünki varoluş dəyişmədən asılıdır; çaya birinci dəfə girdiyinizdən bəri o dəyişmişdir (və siz də o cümlədən). Cisim filosofları reallığı təşkil edən ən təməl vahidi tapmaq məqsədilə ən kiçik cisimləri axtarmağa çalışsalar da, proses filosoflarına görə bu kifayət etmir. Müasir fiziklər də eyni fikirdədirlər. Bu gün elektronları müəyyən sahədə mövcud olan enerji düyünü kimi anlayırıq. Kvant vakuum titrəyişləri düyünsüz sahələrin mövcud olduğunu, amma sahəsiz düyünlərin olmadığını göstərir. Yəni, cisimləri proseslərə endirmək mümkün olsa da, prosesləri cisimlərə endirmək mümkün görünmür. (Filosof Alfred North Whiteheadin dediyi kimi, “cisimlər” yox “hadisələr” haqda düşünməliyik.)

Dəyişmə təkrar-təkrar bir problem olaraq cisim metafizikasının qarşısına çıxır. Universallar anlayışı ənənəvi olaraq bu problemdən qaçmaq üçün istifadə olunmuşdur. Statik varlıqları dəqiq müəyyən etmək çətin olsa da, onları fərqli xüsusi cisimlərdə təzahür edən “hiper-cisimlər” olaraq düşünə bilərik. Universal xüsusi şeylərin ortaqlıqlarıdır: tip, növ və əlaqələr. Universal təməl olaraq xüsusidən fərqlidir: məsələn, Aristotelə görə xüsusi şeylər – məsələn, mənim itim Fido – yaradıla və ölə bilər, amma növ – bir universal – əbədidir. Bu misal əslində elmdə proses metafizikasının üstün olduğunu göstərir. Təkamül nəzəriyyəsi sayəsində Aristotelin dəyişməz, əbədi növlər ideyasının yanlış olduğu açığa çıxmışdır. Növlər təkümül edir, dəyişir. İtlər də nəticə etibarı ilə fərqli bir növə aid olan canavarlardan yaranmışdır. Bununla da bir daha görürük ki, sabit cisim ideyasındansa, dəyişmə ideyası daha yaxşı işləyir.

Proses metafizikası digər vacib fəlsəfi anlayışların da yenidən dəyərləndirilməsinə gətirib çıxarır. Götürək kimliyi. Cisimlərin kimliklərini itirmədən necə dəyişdiklərini açıqlamaq üçün cisim metafizikləri dəyişmə zamanı sabit qalan hansısa təməl özəyin – mahiyyətin – olduğunu ortaya atmalıdırlar. Teseusun gəmisi paradoksunun da göstərdiyi kimi, bu mahiyyətin nədən ibarət olduğunu təsbit etmək çətindir. Gəmi uzun bir səyahətə çıxacaq və ciddi təmirə ehtiyacı var: yeni taxta panellər köhnələrini, təzə avarlar çürümüş olanları əvəzləyəcək və bu minvalla gəmi limana dönənə kimi orijinal gəmidəki parçaların hər biri yenilərilə əvəzlənəcək. Belə olan təqdirdə, əlimizdə olan gəmi material baxımında yeni olmasına baxmayaraq elə əvvəlki gəmidir, yoxsa tamamilə başqa bir şey? Cisim metafizikləri üçün bu bir paradoksdur; dəyişməni əsas götürən proses filosofları üçün isə kimliyin ayrılmaz bir hissəsi. Əlbəttə, əlimizdəki gəmi elə həmin gəmidir ki, var. Proses düşüncəsinə görə, kimlik cismin özünə olan sabit bərabərliyi olmaqdan çıxır. Lazımi təmirlər edilməsə, gəmi öz funksiyasını itirər. Bunun yerinə, alman filosofu Nicholas Rescher Proses İdeyaları (2009) adlı kitabında kimliyi proqramlı inkişaf kimi tərif edir. Yəni, prosesin kimliyi onun proqramının strukturundan asılıdır. Başqa hər şeyləri bərabər olan təqdirdə, küçüklərin hamısı böyüyüb köpək olacaq. (Bu proqramı deterministik (öncədən təyin olunmuş) təsəvvür etməyə ehtiyac yoxdur. Rescherə görə proseslər arasında qarşılıqlı əlaqə müxtəlifliyin yaranması üçün lazımi şəraiti yaradır.)

Qum topası paradoksunun da göstərdiyi kimi, proseslər təkcə iki fərqli hal və cismin arasında keçən interval deyil: bir topa qumu götürüb içindən bir qum dənəsini ayırın. Topa hələ də topa olaraq qalır; bir qum dənəsi o qədər də böyük fərq yaratmır. Lakin bu hərəkəti kifayət qədər təkrarlasaz, sonda yerdə bir qum dənəsi qalacaq. Bu artıq qum topası sayıla bilməz. Sual budur, topa nə vaxt topa olmaqdan çıxdı? Hadisənin əvvəl və son nöqtələrinə yox, ümumi prosesə baxaraq topa ilə topa olmamağın arasındakı sərhədi tapmağın mümkün olmadığını görmək olar. (Oxşar məntiqlə, canavarlarla itlərin arasındakı keçid də hansısa bir konkret fərdlə baş verməmişdir.) Bu misallar ən azından təbii növləri ayıran zaman düşünmədən etdiyimiz abstraksiya barədə bizə xəbərdarlıq edir. Henri Bergson kimi proses filosofları bu mənfi nəticədə dayanır və proseslərin bilinəsi yox, yaşanmalı bir şey olduqlarına inanırlar. Buna baxmayaraq, danimarkalı filosof Johanna Seibtin də qeyd etdiyi kimi, bəlkə də proseslər üzərinə düşünmək tamamilə yeni bir baxış bucağı tələb edir.

Dünyaya qarşılıqlı əlaqəli proseslərin çoxluğu olaraq baxmağın elmi və fəlsəfi üstünlükləri olsa da, bu düşüncənin gündəlik həyatda da faydaları var. Proses fəlsəfəsi bizi daha uzun zaman kəsiyinə nəzər yetirməyə, bulanıq sərhədlərə və bir-birinə bağlanmış əlaqələrə diqqət verməyə dəvət edir. Kimliyi deterministik yox, proqramlı bir proses kimi düşünmək yeniliyi kiçik və davamlı dəyişikliklər üzərindən baş verən bir şey kimi görməyə icazə verir. Belə metafizik fərzlərlə həyat “həqiqi” kimlik axtarışından daha çox kimliyin sərhədlərini genişlətməyə çevrilir.


Bu məqalənin ingilis dilində orijinalı ilk dəfə Aeon jurnalında dərc olunmuşdur. Celso Vieira fəlsəfə üzrə doktorluq dərəcəsini Braziliyanın Minas-Jerays Universitetindən almışdır.

Tərcümə etdi: Ərtoğrul Alışbəyli

Aeon counter – do not remove

Posts created 233

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top