Motivasiya

Universitetin təməl elmi dərslikləri bütün elmin, texnologiyanın, təhsilin (istər orta məktəb olsun, istərsə də ali təhsil) və inkişafın bünövrəsini təşkil edir. Modern dərslikləri olmayan kültür qabaqcıl heç bir şey yarada bilməz.

Bir ölkədəki həyat səviyyəsini o ölkədəki işlək qurumlar təyin edir. Bu qurumların yaradılması və adekvat şəkildə işləməsi üçün peşəkar kadrlar olmalı, peşəkar kadrların yetişməsi üçün isə keyfiyyətli təhsil olmalıdır. Keyfiyyətli təhsil üçün yaxşı tədris resursları və insan qaynaqları olmalıdır. Modern təhsil modern dərsliklər tələb edir, xüsusilə ali təhsil dərslikləri. Azərbaycan dilində son 30-40 ildə demək olar ki, heç bir fundamental elm sahəsində keyfiyyətli dərslik çap olunmayıb. Ən azından biologiya sahəsində vəziyyətin belə olduğunu əminliklə deyə bilirik.

Sadalanan dövrdə insan qaynaqları quruduqca, tədris resursları da köhnəlib sıradan çıxmış, yenilərini yaratmaq mümkün olmamışdır. İstifadədə olan kitablardakı elmi səhvlər və pedaqoji əskikliklərlə dolu resurslar təhsil problemini daha da dərinləşdirmişdir.

Bir sözlə, bu gün, Azərbaycanda tələbəsinin xüsusilə də dəqiq elmlər sahəsində keyfiyyətli tədris resursları, dərslikləri yoxdur. Bu resurslar olmadan heç bir keyfiyyətli təhsildən, peşəkar kadrlardan, yüksək həyat səviyyəsini təmin edən işlək institutlardan söz gedə bilməz.

Təklif olunan həll yolu

  1. İctimai dəstəklə Azərbaycan dilinə tərcümə yolu ilə müasir elmi dərsliklər qazandırmaq.
  2. Sıravi vətəndaşlar tədris resurslarının yaradılmasına təkan verəcək real potensiala malikdirlər. Qalıcı tədris resursların yaranması zamanla peşəkar kadrların yaranmasına, peşəkar kadrlar isə ölkədəki institutların yenidən ayağa qalxmasına təkan verəcək.

Biz Nə Edirik?

  • Dərslik tərcüməsini həyata keçirmək istəyən insanları bir araya gətiririk. Əgər siz də hansısa fundamental dərsliyi tərcümə etmək üçün komanda qurmaq istəyirsinizsə saytımızdakı Komanda Qur! səhifəsinə daxil olaraq kitab təklif edə bilərsiniz. Əgər bu səhifədə göstərilmiş mövcud layihələrdən hansınasa qoşulmaq istəyirsinizsə Tərcüməyə Qoşul! səhifəsindən həmin komandaya qeydiyyatdan keçə bilərsiniz.
  • Biz özümüz Elmi Spektrin üzvləri olaraq, ilk addım kimi, ixtisasımıza uyğun olaraq, Campbell Biologiya adlı dərsliyin ən axrıncı nəşrini Azərbaycan dilində istehsal edirik.
  • campbell biology cover 11
    Campbell təməl biologiya dərslikləri arasında ən geniş yayılmışı, və biz təcrübəmizə görə ən keyfiyyətlisidir. Kitab üç bölümə paylanmış 56 fəsildən ibarət olub biologiyaya giriş xarakteri daşıyır. Bölümlər bunlardır: biokimya, hüceyrə biologiyası, genetika, təkamül biologiyası, canlılar aləminin sinifləndirilməsi, bitki anatomiya və fiziologiyası, heyvan (və insan) anatomiya və fiziologiyası, ekologiya. Kitabı xüsusi edən illərlə təkamül keçirmiş axıcı dili və ciddi elmi rəy prosesindən keçməsidir. Bundan əlavə, kitabdakı çoxsaylı pedaqoji elementlər də kitabı aktiv öyrənmə üçün əlverişli edir. Belə ki, kitab araşdırma və analiz bacarıqlarını inkişaf etdirən məşğələlər, düşündürücü və anlayışlar arasında əlaqə qurmağa kömək edən suallar və zəngin qrafik elementlərlə doludur.
  • Kitab biologiyanın tədris proqramına daxil olduğu bütün ixtisas proqramlarında istifadə olunur. Yəni, söhbət tibbin bütün sahələrindən tutmuş, tibb bacılığına, əczaçılığa, aqronomluğa, müxtəlif müəllim və mühəndislik sahələrinə qədər geniş bir ərazidən gedir. Campbell indiyə qədər alman, fransız, italyan, türk, fars kimi dillər də daxil olmaqla dünyanın 19 dilinə tərcümə olunmuş və müvafiq ölkələrin qabaqcıl universitetlərində istifadə olunmaqdadır. Bundan əlavə, kitab fənn olimpiadalarına hazırlıqda və peşəkarlar üçün ümumi istinad kitabı kimi də istifadə olunur.
  • Kitabın Azərbaycan versiyasının hazırlanması prosesinə mətnin tərcüməsi, elmi və qrammatik redaktəsi, dizayn olunub yığılması daxildir.
  • İndiyədək kitabın 10%-dən artığı tərcümə olunmuşdur. Çapa hazır vəziyyətə gətirilmiş 6-cı fəsli buradan əldə edə bilərsiniz.

Niyə Edirik?

  • Çünki biz savadlı həkimlərin, tibb bacılarının, müəllimlərin, mühəndislərin, aqronomların, alimlərin və ən başlıcası təbiət haqda bilikli vətəndaşların yaşadığı, keyfiyyətli təhsilin verildiyi, dünyasəviyyəli araşdırmanın aparıldığı ölkədə yaşamaq istəyirik, keyfiyyətsiz təhsil verib vətəndaşlarının həyatlarını və ətraf mühiti təhlükəyə atan ölkədə yox.
  • Biologiya sahəsi elmin ən sürətlə təkamül keçirən sahəsidir. Buna baxmayaraq, Azərbaycan dilində biologiya dərsliklərinin böyük hissəsi təxminən 20-ci əsrin 70-80-ci illərində yazılmış və sonralar demək olar ki, heç yenilənməmişdir. Bir biologiya dərsliyinin ömrü 40 il deyil, ona görə də, mövcud kitablar elmi səhvlərlə doludur və biologiyadakı elmi yenilikləri əks etdirmir.
  • Dərsliklər istinad kitabları olduqları qədər həm də tədris resurslarıdır. Dərsliklərin dili, tərtibatı və içəriyi tələbədə mövzuya maraq yaratmalı, onu aktiv şəkildə öyrənməsinə imkan verməlidir. Azərbaycanda, xüsusilə də biologiya sahəsində, ənənəvi təhsil sistemi passiv informasiya qəbulu üzərinə qurulmuşdur: kitab elmi bilikləri sənə ötürür, sən də gedib imtahanda yazırsan. Əslində isə öyrənmə prosesi dairəvi və aktiv prosesdir: tələbə mətni oxuyarkən anlayışları beynində əlaqələndirməli, məsələlər, məşğələləri eləməli, laboratoriyada və ya təbiətə çıxıb müşahidələr etməli, sonra geri qayıdıb təzədən mətnə baş vurmalı, yeni şeylər kəşf eləməlidir. Təəssüf ki, mövcud dərsliklər nəinki geri qayıdıb təzədən baxmağa, heç bir dəfə oxunmaq üçün belə əlverişli və cəlbedici deyil. Buna görə də, onların pedaqoji dəyəri həddən artıq aşağıdır.
  • Campbell kimi böyük bir resursu Azərbaycan dilinə qazandırmaq, bu dilin leksikonunu əhəmiyyətli dərəcədə genişləndirəcək, müasirləşdirəcək. Bu isə öz gələcəkdə növbəti dərsliklərin və başqa resursların istehsal olunmasının yolunu açacaq. Dilin genişlənməsinin əhəmiyyəti ilə bağlı daha ətraflı Azərbaycan dili Manifestimizdə oxuya bilərsiniz.

Nəcə Edirik?

Kitabı əsasən bioloqlardan ibarət komanda ilə onlayn mühitdə, kollektiv bir şəkildə tərcümə edirik. Kitabın əsas redaktorları 2 nəfər bioloqdur:

  • Araz Zeyniyev Türkiyədə ODTÜ Molekulyar Biologiya və Genetika bölümü məzunudur. Hollandiyanın Groningen və Almaniyanın Rostock Universitetlərində elmi araşdırma işləri aparmışdır. Şərabçılıq, mikrobioloji təhlükəsizlik, mikroyosun biotexnologiyası sahələrində işləmişdir. Bakıda bəzi universitetlərdə biologiya dərsləri tədris edir.
  • Ərtoğrul Alışbəyli Elmi Spektr jurnalının yaradıcılarındır. Hal-hazırda Radboud Universitetində (Nijmegen, Niderland) mühit səslərinin beyində işlənmə mexanizmi üzərinə doktorantura araşdırmaları aparır. Bundan əvvəl Kanadanın McGill Universitetində anatomiya və hüceyrə biologiyası üzrə bakalavr və Amsterdam Universitetində davranış neyroelm ixtisası üzrə magistr təhsili almışdır.
  • Bundan əlavə korreksiya və tərcümə məsələsində bizə kömək edən bir qrup yoldaşımız da var.

  • Kitab indiyədək könüllü əsaslarla, işdən qalan boş vaxtlarımızda tərcümə olunmuşdur.
  • Kitabı orijinal ingilis dilindəki versiyasından hazırlayırıq, lakin tərcümə keyfiyyətinin yüksək olması üçün başqa dillərdəki versiyalardan da məlumat alırıq.
  • Kitabın tərcüməsi zamanı terminləri mövcud ədəbiyyatdakı terminlərlə uzlaşdırmaq üçün yerli müəlliflərin yazdığı kitablara da müraciət edirik. Buna baxmayaraq, lazım gəldiyini düşündüyümüz yerlərdə köhnə terminləri atıb, təzələrini yaratmaqdan da çəkinmirik. Bütün terminlər kitabın sonundakı lüğətə əlavə edilir. Beləcə, kitab yazıla-yazıla yanında müasir biologiya terminologiya lüğəti də yaranmaqdadır.
  • Əlavə məlumat üçün, dərslik tərcüməsinin təşkili ilə bağlı daha əvvəl yazdığımız yazıya da baxa bilərsiniz (Dərslikləri Necə Tərcümə Etməli? — Partizan Tərcüməsi)

Sizə Necə Töhfə Verə Bilərsiniz?

  • Maddi dəstək verərək: Layihəyə ilk növbədə pul vəsaiti gərəkdir. Kifayət qədər gərgin iş tələb edən bu layihənin tərcüməsi, mətnin şəkillər ilə birlikdə əslnə uyğun şəkildə tərtibi, müəllif haqlarının ödənməsi və planlaşdırılan çapı maddi resurs tələb edir. Aldığımız maddi dəstək nə qədər çox olarsa, bu iş o qədər sürətli və hərtərəfli alınacaq. Biz boş vaxtımızı bu işə sərf etməyə hazırıq, lakin maddi dəstək bu işə daha çox vaxt ayırıb eyni zamanda həyatda qalmağımıza imkan yaradacaq. Layihənin büdcəsi ilə aşağıdan tanış ola bilərsiniz.
  • Bizə qoşularaq: ingilis dilini yaxşı bilən peşəkar bioloqlar, yaxud biologiyaya marağı olan həvəsli, iradəli yoldaşlar da axtarırıq. Tərcümə prosesində elmin ən təməl daşlarını hərfbəhərf tərcümə edərkən təkrarlamaq, başdan öyrənmək nəinki həvəskarlara, lap peşəkar bioloqlar üçün əvəzsiz təcrübədir. Bir mətni öyrənmə yollarının ən yaxşılarından biri onu tərcümə etməkdir.
  • Layihəni çevrənizdə yaymaqla: İşimiz haqda məlumatları başqalarına, xüsusilə bizə dəstək olma potensialı olan insanlara göndərərək, çəkdiyimiz videonu sosial şəbəkələrdə paylaşaraq layihəyə dəstək verə bilərsiniz.

Tez-Tez Verilən Suallar və Deyilən Şeylər

1. Tələbə ingilis, türk, rus dilini öyrənib bu dillərdə resurslara çıxış əldə edə bilər. Azərbaycan dilində ayrıca resurs yaratmaq əlavə nə qatır?

Cavablar:

  • Azərbaycanlı birinci kurs tələbəsi bu dilləri yaxşı bilmir. Akademik türk dili belə azərbaycanlı tələbənin bildiyi məişət türkcəsini aşır.
  • Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir (bu halın yaxın və orta gələcəkdə dəyişməsi gözlənilmir). Tədrisini xarici dildəki dərsliklərdən alan insanların bu ölkənin rəsmi dilini peşəkar kontekstdə bilməməsi, onların Azərbaycanda müəllim, mühəndis, həkim kimi professional olaraq işləməsinin qarşısını alır. 5-ci sinif uşaqlarına biologiya dərsi deyən müəllim şagirdlərilə, Gədəbəydə torpağı incələyən aqronom əkinçilərlə, həkimlər tibb bacıları və xəstələrilə Azərbaycanca danışmaq məcburiyyətindədir və ona görə də, öz peşələrinə Azərbaycan dilində də bələd olmalıdırlar. Bunun üçün isə, bu dildə keyfiyyətli və müasir qaynaqlar olmalıdır.

2. Tədris resurslarının yaranması avtomatik olaraq peşəkar kadr yaratmır, bunun üçün köklü dəyişikliklər olmalıdır, o təhsil resurslarından istifadəyə imkan verən mühit və şərait olmalıdır (dərsliklərdən istifadə edəcək müəllimlər, qurumlar və s.).

Cavablar:

  1. Tədris resurslarının yaradılması əlbəttə ölkədəki təhsil problemini təkbaşına həll etməyəcək. Lakin bu addım, 1) ictimai iradə ilə atıla biləcək və ən böyük təsir gücünə malik olacaq ən real addımdır (çünki başqa yollar adi insanların üzünə bağlıdır) və 2) gələcəkdəki islahatlar üçün münbit zəmin yaradacaq. Belə ki, keyfiyyətli, müasir resurslar yaranıb yayıldıqca müvafiq qurumlar da bu yeni axımla get-gedə daha çox ayaqlaşmalı olacaq və bu istər-istəməz təhsil proqramlarında və yanaşmada dəyişikliklərə və islahatlara gətirib çıxaracaq. Keyfiyyətli materialların olduğu ölkədə keyfiyyətsiz müəllimlərə, proqramlara və qurumlara yer qalmayacaq.
  2. Əlbəttə, bu tədris resursları insanlara gedib çatmadığı müddətcə, onların təsir gücü də zəif olacaq. Ona görə də, bu layihələrin ictimai iradə və dəstək ilə həyata keçirilməsi və ortaya çıxan məhsulların hamıya əlçatan olması şərtdir.

3. Ölkədə bu işi layiqincə görəcək insanlar çox azdır. 4 ilə bir kitab çıxarmaqla təhsil inkişaf etdirmək nağıldır, bir gül ilə bahar olmaz.

Cavablar:

  1. Əslində bu işi görə biləcək insanlar həm ölkə daxilində, həm də xaricində mövcuddur. Xaricdə Təhsil üzrə Dövlət Proqramı bu kritik kütləni yaratmağa müəyyən ölçüdə müvəffəq olub. Lakin əsas problem bu insan potensialının hərəkətə keçirilməsidir. Təcrübəmizdən göründüyü kimi, mövcud institutlar bunda maraqlı olmadığından, bu işi ictimai hərəkat şəklində həll etmək lazımdır. Habitat layihəsi bu işin necə təşkil olunduğunu əyani şəkildə göstərərək, ənənənin yaranmasına və prosesin sürətlənməsinə töhfə verir.
  2. Habitat layihəsinin məqsədi fundamental dərsliklərin tərcüməsidir (bax: Tərcümə Olunmalı Dərsliklər). Bu dərsliklər, zamanın sınağından keçmiş, öz sahəsinin vacib istinad nöqtəsi olan resurslardır. Bu kitablardan birinin belə tərcümə olunması, müvafiq sahənin Azərbaycan dilindəki ədəbiyyatını dəyişdirəcək gücdə olacaq. Bir sözlə, bir gül ilə bahar olmayacaq, amma o gülün toxumları yayılaraq geniş bir bağça olacaq.

4. Belə bir şeyi biz də eləməyə başlamışdıq, amma sonra davam etdirmədik. Sizin eləyib axıra çatdıracağınıza niyə inanaq?

Cavablar:

Belə bir işi bizdən əvvəl görmək istəyən insanların olması bizə ilham verir; ümidvarıq ki, uğursuzluğunuz sizi ruhdan salmamışdır. Əgər, bu işdə bizə təcrübənizlə dəstək vermək istəyirsinizsə bu barədə danışmaqdan məmnun olarıq. Digər məsələyə gəldikdə isə, qeyd edək ki, Elmi Spektr 2016-cı ildən başlayaraq bu günə qədər artıq 2 ildir ki fəaliyyətini bu və ya digər şəkildə davam etdirməkdədir. Fəaliyyətdə olduğumuz müddətdə azərbaycanca onlarla orijinal məqalə yazmış, tərcümələr etmiş, mühazirələr təşkil eləmişik və bu istiqamətlərdə hələ də çalışırıq. Son zamanlar gücümüzü daha çox dərslik tərcüməsinə yönəltmişik və ixtisasımız, təhsilimiz, əvvəlki təcrübəmiz bu işləri layiqli şəkildə görməyə imkan verir. Yuxarıda da qeyd etdiyimiz kimi, artıq kitabın 25%-ini tərcümə etmişik (kitabın 1500 səhifə olduğunu nəzərə alsaq, bu heç də kiçik rəqəm deyil). Bütün bunları heç vaxt maddi gəlir əldə etmək üçün etməmişik. Bizi hərəkət etdirən şey hansısa rəqəmlər, kağız parçaları və üstündə rəqəm olan kağız parçaları yox, sosial məsuliyyət hissidir, daha ədalətli bir dünya üçün aldığımız cəmiyyətə geri qaytarmaq istəyidir (bax: Sosial Məsuliyyət Manifesti). Ona görə də, maddi dəstək alıb-almamağımızdan asılı olmayaraq bu işi əvvəl-axır başa çatdırıb, cəmiyyətimizə bu resursu qazandıracağıq. Yəni, bir nöqtədə kitabın hazırlanması bizə olan inancdan və ya dəstəkdən asılı deyil. Bu kampanya sadəcə olaraq, işin çox uzanmamasına və vaxtında bitməsinə, ənənənin daha tez yaranmasına xidmət edir.

5. A səhifəsində B qrammatik/leksik səhv var. Ümumiyyətlə yazıda səhvlər çoxdur, türkizmlər çoxdur, adların yazılışı düzgün deyil, bizim dildə fərqli cür yazırlar. 

Cavablar

  1. Yoldaş oxucu, sizin əlinizə gəlib çatan son məhsul ən azı 3-4 redaksiya roundundan keçir və 4-5 nəfər insan tərəfindən oxunub korreksiya edilir. Buna baxmayaraq, kitabın birinci nüsxəsində səhvlərin olacağı, həm də biz düşündüyümüzdən qat-qat çox olacağı labüddür. Bunun üçün bir neçə səbəb var. Bunlardan ən birincisi Azərbaycan dilində ingilis və digər böyük dillərdən fərqli olaraq yüksək  səviyyəli spell-checker proqramlarının olmamasıdır. Ona görə də, söz səhvləri insanlar tərəfindən, bir-bir tapılır və belədə, təbii olaraq qeyri-mükəmməl olur. Dilimizdə yazılan əsərlərin hamısında bu problem var. Ümid edirik ki, bir gün bir dilçi-proqramist bu işi öz üzərinə götürüb dilimizə keyfiyyətli spell-check aləti qazandırar. O vaxta qədər əlimizdən gələn yeganə şey mətni davamlı olaraq inkişaf etdirmək üçün fərqli adamlara göndərmək və düzəlişləri etməkdir. Habitat layihəsinin mətnləri davamlı olaraq təkamül edir və bu təkamülə kömək etmək istəyirsinizsə Nümunə fəsil səhifəsindəki düzəliş formunu dolduraraq təklif etdiyiniz düzəlişləri bizə göndərə bilərsiniz.
  2. Türkizmlərin, tanış gəlməyən sözlərin çox olması Azərbaycan dilində elmi əsərlərin, yazıların yaradılmamasıdır. Dilimiz müasir elmə uyğunlaşmaq üçün məcburən başqa dillərdən borclar götürəcək, bütün dillər bu şəkildə inkişaf edir. Əlbəttə, lazım gələn yerdə öz dilimizdə də sözlər quraşdırmağa çalışırıq (məsələn, emergent properties = yaranan xassələr), lakin elmi ədəbiyyatda latın dilindən gəlmə sözlər çox olduğundan çox vaxt latın dilindəki sözləri Azərbaycan dilinə uyğunlaşdırıb keçirməli oluruq. Bundan əlavə, qeyd etmək istəyirik ki, bizim məqsədimiz həm də müəyyən tərcümə prinsipləri ortaya qoymaqdır. Mövcud ədəbiyyatda heç bir əsası olmayan qaydalar var və biz belə qaydaları təsbit etdikdə onlarla bağlı müəyyən prinsiplərə uyğun şəkildə dəyişiklik edirik. Yəni, nəticədə alınacaq mətn mövcud ədəbiyyatdan fərqlənsə də, terminlər necə gəldi yox, müəyyən konkret prinsiplərə əsasən yerləşdiriləcək və bu da kitabın oxunaqlığını, tələbənin gələcəkdə xarici dildəki ədəbiyyatı oxumasını asanlaşdıracaq. Bir sözlə, gətirdiyimiz yeniliklər dilin müasir elmi dillə uzlaşdırılması və azərbaycanlı tələbələrin gələcəklərini göz önündə tutaraq edilir.
  3. Vaxtı keçmiş bir yazı qaydası məhz orijinalı latın əlifbasında olan adların hansısa qeyri-müəyyən qaydalara əsasən (daha doğrusu, kimin həmin gün ürəyindən necə keçirsə) transkripsiya olmasıdır. Orijinalı latın əlifbasında yazılan adlar, yəni, latın qrafikasından istifadə edən dillərdən gələn insan adlarını Azərbaycan dilinə transkripsiya etməyi düzgün hesab etmirik və bu qaydanın ətraflı araşdırmanın qarşısını aldığını düşünürük. Bu mövzuda çox müzakirələr getsə də dil qurumu bu haqda heç bir addım atmayıb. Bizim dil qurumunun müvafiq qaydanı təsdiq etməsini oturub gözləməyə vaxtımız, istəyimiz yoxdur. Bir sözlə, Antoine de Saint-Exupéry-nin adı “Antuan de Sent-Ekzüperi” deyil; bu həm deyilişdə belə deyilmir, həm də yazılışda; fransız dilindəki sözün Azərbaycanca düzgün oxunuşu deyə bir şey yoxdur (əlbəttə Azərbaycan Respublikası Fransanı işğal etməyənə qədər).

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt