Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi

Nə vaxtsa Azərbaycanda, Bakının göbəyində geniş kolleksiyaya malik bir təbiət tarixi muzeyi olduğunu desəydiz, nədənsə türk dilində “lan bi yürü git” deyə cavab verər, hislərimlə oynayan bu səviyyəsiz zarafatınıza görə aqressiyaya əl ata bilərdim. Lakin, yoldaşlar, bu bir həqiqətdir. Bakının ortasında, Dağüstü Parkın yaxınlığında Lermontov küçəsi 3 ünvanında geniş kolleksiyaya malik bir Təbiət Tarixi Muzeyi mövcuddur. 18, 31, 27, 77 nömrəli avtobuslarla və ya bulvardan funiklyorla çox rahatlıqla muzeyə gedə bilərsiniz. Təəssüf ki, muzey yaşayış binasının altında olduğundan və ətrafda həmin məkanda muzey olduğunu göstərən heç bir nişanə olmadığından muzeyin binasını tapmağa bir qədər çətinlik çəkə bilərsiz, lakin, əmin ola bilərsiniz ki, bu çətinliyə sinə gərməyə dəyər. Niyə? Gəlin bu sualı bu yazıda bir qədər xırdalayaq.

Elm də sənət kimi hər bir cəmiyyətin mədəniyyətinin vacib bir hissəsidir. Cəmiyyətimizin elmi xəzinəsi və ənənəsi Sovet dövründə formalaşmağa başlasa, müəyyən məsafə qət etsə də, təəssüf ki, Sovetin dağılması ilə talan edilmiş və hələ də talan edilməyə davam etməkdədir. Bayağılığı, istehlakçılığı, son istifadə tarixi keçmiş millətçiliyi, nifrəti və bu kimi geri qalmış düşüncələri Azərbaycanlı olmaqla eyniləşdirərək boğazımıza soxmağa çalışan televiziya və sözdə mədəniyyət portalları həqiqi mədəniyyətimizi, xüsusilə də yaxın keçmişimizdə əldə etdiyimiz həqiqi nailiyyətləri unutdurmağa və gözdən salmağa çalışır. Elmlər Akademiyamızı nə iş gördüyü bəlli olmayan bir skeletə çevirən son 25 ilki təcrübəmiz keçmişimizi silməyə və ya əyib göstərməyə çalışsa da, bu keçmiş bəzən heç gözlənilməyən yerlərdən gəlib qarşımıza çıxa bilir.

IMG_8417
IMG_8391.JPG

Həsən bəy Zərdabi adına Təbiət Tarixi bu keçmişimizdən bizə qalan vacib bir yaddaş və həqiqi bir xəzinədir. Əsası Xalq Cümhuriyyəti dövründə qoyulan bu muzey Sovet dövründə ölkədə elmin inkişafı ilə böyümüş və inkişaf etmişdir. Başqa-başqa vaxtlarda Geologiya və Zoologiya institutlarının nəzdində olması muzeyin kolleksiyasını müxtəlif zamanlara aid nümunələrlə zənginləşdirmişdir. Muzeyin binası arzuolunan səviyyədə olmasa da, içindəki eksponatlar kifayət qədər yaxşı saxlanılıb. Muzeyin ərazisi və ona ayrılan resurslar bu eksponatları layiqincə nümayiş etdirməyə icazə verməsə də, təbiətlə maraqlanan hər kəs bu muzeyə nəinki bir, həm də bir neçə dəfə ziyarət edib, hər dəfə maraqlı və yeni şeylər öyrənə bilər. Eksponatlar əsasən paleontoloji və zooloji nümunələr bölməsindən ibarətdir ki, bu da muzeyin keçmişini əks etdirir. Muzeyin bir yarısı, əsasən Azərbaycan ərazisindən tapılan fosilləri və mineral daşları nümayiş etdirir. Digər yarısı isə taksidermiya ilə qorunub saxlanmış və ölkədə mövcud olan heyvanlardan ibarətdir. Nümunələrin arasında həmçinin keyfiyyətlə hazırlanmış heyvan skeletlərini də qeyd etmək lazımdır. Eksponatlar haqda məlumatların dolğun olmaması tələbələrini muzeyə aparmaq istəyən müəllimlər üçün xüsusi imkanlar belə yaradır. Belə ki, bu məlumat azlığı tələbələrinizlə muzeydəki canlıların kimliyini təyin etməyə və muzeydəki vaxtınızı daha dialektik və əyləncəli keçirməyə imkan verə bilər. Muzeyə giriş sərbəst olsa da, təəssüf ki, muzey ancaq həftə içi saat 10-dan 16-ya qədər açıqdır.

IMG_8411.jpg

Təbiət Tarixi Muzeyimiz mədəni keçmişimizin ən qürurverici və dəyərli bölmələrindən biridir. Uzun illər baxımsız qalmış, hansısa yaşayış binasının birinci mərtəbəsinə həbs olunmuş və gözdən gizlədilmiş bu muzey, geniş kolleksiyasının ancaq kiçik bir hissəsini göstərə bilir (onu da ancaq həftə içi iş saatlarında). Dilimizin, mədəniyyətimizin əzilib, keçmişimizin bayağılaşdırıldığı bu dövrdə muzey bu coğrafiyada çox uzaq olmayan bir keçmişdə başqa dəyərlərin, başqa növ insanların da mövcud olduğunun göstərgəsidir. Ümidavaram ki, muzey təkcə maraqlı eksponatları ilə yaddaşınızda qalmaqla yetməz, gələcək işlərinizə də ilham verər. Sizi bilmirəm, amma mənə verir.

Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi
Lermontov kç. 3.
Bakı, Azərbaycan
Saatlar: Həftə içi saat 10:00-16:00

[googlemaps https://www.google.com/maps/embed?pb=!1m18!1m12!1m3!1d3040.2122664970902!2d49.82653711539423!3d40.35981747937179!2m3!1f0!2f0!3f0!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x40307d244bf0429b%3A0x535c5ce0480b13a3!2zSC4gWsmZcmRhYmkgYWTEsW5hIFTJmWJpyZl0IFRhcml4aSBNdXpleWk!5e0!3m2!1sen!2sit!4v1524585759012&w=600&h=450]

Muzeyin tərkibi ilə bağlı muzeyin işçisi Tariel Eybatovun müsahibəsi və reportaj:

Təbiət tarixi muzeylərinin əhəmiyyəti ilə bağlı Haber Türk kanalının Teke Tek proqramındakı Dr. Celal Şengör və Dr. Mehmet Sakınçın iştirakı ilə baş vermiş veriliş:

[youtube https://www.youtube.com/watch?v=FKX78eMZh9I&w=560&h=315]

Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi” ilə bağlı bir rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt