SN-001: Əcdadlarımızdan yadigar: mitoxondri (mtDNT) və nüvə DNT-sində (nDNT) tapılan mtDNT hissəcikləri

Kodu: SN-001

Rəhbəri: Sadiq Niftullayev

Növü: Nəzəri


Ümumi Məlumat

Mitoxondri eukariotlarda mövcud olan ən özünəməxsus orqanellərdən biridir. Hüceyrənin enerji qaynağı olmaqdan savayı, mitoxondri lipidlərin saxlanılması, kalsium miqdarının tənzimlənməsi, reaktiv oksigen növlərinin əmələ gəlməsi, lipidlərin oksidləşməsi, və s. kimi vacib proseslərin mərkəzi nöqtəsidir. Mitoxondrini özünəməxsus edən ən əsas amil isə sözsüz ki, mitoxondri DNT-sidir (mtDNT). Təkamül prosesi zamanı, tək hüceyrəli bir bakteriyanın digəri tərəfindən mənimsənilməsi və bu iki orqanizmin birlikdə yaşamağa adaptasiya etməsi prosesi– endosimbioz– nəticəsində formalaşan mitoxondri, zamanın axarı boyunca, ilkin DNT-sinin boyük bir qismini nüvədəki DNT-yə (nDNT) transfer etmiş və nəticədə minimal sayda, yalnız zəruri olan genləri öz DNT-sində saxlamışdır. Belə olduğu təqdirdə, mitoxondri zülallarının 99%-indən çoxu nDNT tərəfindən sitoplazmada sintez olunur və daha sonra xüsüsi mitoxondriyə yönləndirən siqnallar vasitəsi ilə, olduqca mürəkkəb nəqliyyat sisteminin köməkliyi ilə mitoxondriyə köçürülür. Uzun illərdir ki, elmi icma mDNT-dəki genlərin nDNT-yə transferinin təkamülün geridə qalmış kəsiyində başa çatdığına inansa da, elmi metodologiyanın kəskin inkişafı və DNT ardıcıllığının iri-miqyaslı oxunması bunun heç də belə olmadığını göstərir. İnsan və başqa orqanizmlərin nDNT-sinin oxunması göstərir ki, nDNT-nin tərkibində mtDNT-dən qaynaqlanan müxtəlif ölçülü hissəciklər var– mitoxondri mənşəli nüvə insersiyaları və ya Numts (ingilis dilində: nuclear insertions of mitochondrial origin). Davam etməkdə olan tədqiqatlar Numts-larla yaşlanma prosesi arasında müəyyən ələqələr olduğunu müəyyənləşdirmişdir ki, bu da sözügedən prosesi yaşlanma məfhumunun öyrənilməsi yolunda maraqlı hədəfə çevirib. Bu məfhumun aşkarlanması və araşdırılması olduqca yeni bir istiqamət olduğundan, bu sahədə cavabsız qalan sualların sayı hələ də kifayət qədər çoxdur. Belə suallardan bəziləri bunlardır:

  • mtDNT fraqmentləri hansı yolla nüvəyə çatır (mitoxondridən xaric olunma, nüvəyə çatanadək parçalanmadan yayınma və s.)?
  • Nüvəyə çatan mtDNA fraqmentləri hansı mexanizim(lər) vasitəsi ilə nDNT-yə inteqrasiya olunur?
  • Belə insersiyaların orqanizmin yaşama müddətinə birbaşa təsiri varmı və yaxud bu tipli insersiyalar orqanizmin sağlamlığına hansı istiqamətdə təsir edir?
  • Belə insersiyaların növləri hansılardır və onların təkamüldə rolu nələrdir?

Layihənin əsas hədəfi hazırkı elmi ədəbiyyatda Numts-lar haqda mövcud olan ədəbiyyatı nəzərdən keçirmək; mümkünsə, uyğunluq və ziddiyətlərə diqqət çəkmək; bu məlumatları strukturlu şəkildə mətn formatına salmaq; və yekunda, qaranlıq qalan məqamları qeyd edərək bu məqamlara işıq salmaq üçün lazım olan addımları müzakirə etməkdir. Bu proses zamanı, elmi məqalənin yazılması və aidiyyatı elmi metodologiyanın analitik şəkildə dərk edilməsinə xüsusi diqqət ayrılacaqdır.

Ədəbiyyat

  • Richly, E., & Leister, D. (2004). NUMTs in sequenced eukaryotic genomes. Molecular biology and evolution, 21(6), 1081-1084.
  • Hazkani-Covo, E., Zeller, R. M., & Martin, W. (2010). Molecular poltergeists: mitochondrial DNA copies (numts) in sequenced nuclear genomes. PLoS Genet, 6(2), e1000834.
  • Sorenson, M. D., & Quinn, T. W. (1998). Numts: a challenge for avian systematics and population biology. The Auk, 115(1), 214-221.
  • Caro, P., Gómez, J., Arduini, A., González-Sánchez, M., González-García, M., Borrás, C., … & Barja, G. (2010). Mitochondrial DNA sequences are present inside nuclear DNA in rat tissues and increase with age. Mitochondrion, 10(5), 479-486.
  • Puertas, M., & Gonzalez-Sanchez, M. (2020). Insertions of mitochondrial DNA into the nucleus—effects and role in cell evolution. Genome, 63, 365-374.

Görüləcək İşlər

  • Layihəyə aidiyyatı olan elmi ədəbiyyatla tanışlıq
  • Müasir biologiyada, layihəyə əlaqəli olan metodların siyahısının formalaşdırılması və bu metodları (nəzəri olaraq) dərindən qavrama (tyutorun rəhbərliyi altında)
  • Layihəylə əlaqədar elmi ədəbiyyatı özündə cəmləyən hesabatın yazılması
  • Yazılan hesabata əsasən, elmi ədəbiyyatda hələ də açıq şəkildə cavablandırılmamış sualların təsbit edilməsi
  • Təsbit edilən suallardan biri və ya bir neçəsini cavablandırmaq yolunda yeni elmi tədqiqat layihələrinin tərtib edilməsi

Tələb Olunanlar

  • Mövzu ilə əlaqəli ədəbiyyatı ətraflı oxuyub başa düşmək üçün yüksək səviyyədə ingilis dili bacarığı (B2-dən yuxarı | TOEFL: >85 | İELTS > 6.5 | İngilis dili bilgisini göstərən digər metodlar da keçərlidir)
  • Biologiya ilə ortalamadan daha yüksək tanışlıq səviyyəsi
  • Müasir biologiyada istifadə edilən fərqli metodlar ilə ən azından ilkin tanışlıq (layihə zamanı bu mövzuda inkişaf üçün hər cür köməklik göstəriləcək)
  • Kritik düşünmə qabiliyyəti
  • Word, Excel, PowerPoint kimi proqramlarla fundamental tanışlıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt