Dilin Öyrənilməsində Kritik Dövrün Rolu

Müasir dövrdə xarici dillərin öyrənilməsinin əhəmiyyəti danılmazdır. Demək olar ki, hər birimiz ömrümüzün müxtəlif dövrlərində ikinci bir dil öyrənmə prosesi ilə üz-üzə qalmışıq. İnsanlar ikinci dili müxtəlif məqsədlər üçün öyrənsələr də, bir çoxlarımızın hədəfi ikinci dili o dilin daşıyıcısı kimi danışa bilməkdir. Bəs buna hansı dərəcədə müvəffəq olmaq olar? Bir insan ikinci dili öz ana dili kimi və ya o dilin daşıyıcısi kimi mənimsəyə bilərmi? Bu yazımızda yuxarıdakı suala dilçilik elminin prizmasından cavab verməyə çalışacağıq. Yazının sonuna doğru hər hansısa ikinci bir dili öyrənərkən həmin dili nə vaxtsa ana dili səviyyəsində mənimsəyə bilib bilməməyəcəyimizi  və bunun səbəbini yaxından öyrənmiş olacağıq.

Dilçilikdə kritik dövr

Şəkil 1. Eric Lenneberg (Mənbə: Wikipedia)

Keçən yazıda da vurğulandığı kimi, dilçilikdə bir dilin ana dili kimi mənimsənilməsinin mümkünlüyü bir yaş həddinə qədər deyil, bəlli bir zaman diliminə görə səciyyələndirmişdir. Başqa sözlə ifadə etsək, hər bir insan həyatının müəyyən bir zaman dilimində (əlbəttə ki, yetəri qədər dillə təmas, doğru mənbələrdən öyənmə kimi digər faktorlarda nəzərə alınaraq) hər hansı dili öz ana dili kimi öyrənə və həmin dilin daşıyıcısı ola bilər. Həmin zaman dilimi jurnalın əvvəlki sayında vurğulandığı kimi kritik dövr (KD) adlanır. Dilçilik elmində KD fərziyyəsi ilk dəfə Eric Lenneberg (1967) tərəfindən irəli sürülmüşdür. Onun fikrinə görə dilin mənimsənilməsi prosesi bioloji püxtələşmə ilə bilavasitə əlaqəlidir (1). Lenneberg dilin mənimsənilməsi üçün KD-nin ilkin körpəlik dövründən başlayaraq yetkinlik yaşına qədər davam edtiyini irəli sürmüşdür. Yetkinlik yaşı dedikdə o beynin öz plastikliyini itirməsini nəzərdə tuturdu. Öz fərziyyəsini sübut etmək üçün Lenneberg, sonradan kar olan uşaqların anadan gəlmə kar olanlara nisbətən niqtlərinin inkişaf etdirilməsi təlimlərində daha uğurlu olduqlarını iddia edirdi. Güman edilirdi ki, sonradan kar olan uşaqlar həyatlarının ilkin dövrlərində danışıq dilini müəyyən qədər eşidə bildikləri üçün onlar dili daha rahat öyrənə bilirdilər. Yəni, inkişafın kritik dövründə dilə məruz qalma beynin düzgün püxtələşməsi üçün vacibdir. Bundan əlavə, onun diltutulmasından (afaziya) əziyyət çəkən xəstələr üzərindəki müşahidələri də göstərirdi ki, diltutulmasından əziyyət çəkən uşaqlar, yetişkinlərə nisbətən müalicəyə daha tez reaksiya verirlər. Lennebergin bu fərziyyəsi bir çoxları tərəfindən tənqid atəşinə tutulsa da, onun vəfatından sonra həyata keçirilən bir çox təcrübələr dilin mənimsənilməsində kritik dövrün mövcudluğu barədə daha inandırıcı dəlillər ortaya qoymağa müvəffəq olmuşdur. Xüsusi ilə son dövrlərdə ikinci dilin mənimsənilməsinə/öyrəniləmsinə aid araşdırmaların aparıldığı tətbiqi linqvistikada KD fərziyyəsi əhəmiyyətli yer tutur.

Birinci dilin mənimsənilməsində KD-nin rolu

Lenneberg öz fərziyyəsini irəli sürəndə ilkin olaraq birinci dilin mənimsənilməsi prosesini öyrənməyi hədəfə almışdı. Amma, bu fərziyyəni sübut etmək o qədər də asan məsələ deyildi, çünki demək olar ki hər kəs anadan olan kimi hər hansısa bir dilin təsirinə məruz qalır. Birinci dilin mənimsənilməsində KD-nin rolunu sübut edə bilmək üçün elə bir vəziyyət tələb olunurdu ki, yeni doğulmuş körpə yeniyetmə dövrünə qədərheç bir dilin təsirinə düşməsin. Əlbəttə ki, belə amansız bir təcrübəni həyata keçirmək etik baxımdan qeyri-mümkün olacağı üçün KD fərziyyə olaraq qalırdı. Ta o vaxta qədər ki, 1970-ci ildə ABŞ ictimaiyyətini şoka salan Genie hadisəsi baş verdi (2).

Şəkil 2. Genie (Mənbə: Wikipedia)

Genie doğulduqdan bir müddət sonra atası tərəfindən cəmiyyətdən tamamilə təcrid edilmiş və demək olar ki, 13 il müddətində heç bir insan nitqinə məruz qalmamışdır. Əgər maraqlansanız Genienin həzin həyatı barədə müxtəlif məlumatlar əldə edə bilərsiniz, amma biz bu yazıda sadəcə məsələyə KD fərziyyəsinin birinci dilin mənimsənilməsindəki əhəmiyyəti prizmasından baxacağıq. Genie 13 yaşından etibarən ingilis dili öyrənməyə başladı. Curtiss (3) növbəti 7 il ərzində onun dili mənimsəmə prosesini yaxından təqib etdi və bir çox təcrübələr və müşahidələr həyata keçirdi. Acınacaqlı haldır ki, Genie bu yeddi il müddədində çox məhdud şəkildə ingilis dilinin bəzi morfoloji və sintaktik xüsusiyyətlərini mənimsəyə bildi.

Curtissin ikinci araşdırması da birincisinə çox bənzəyir. Chelsea adında kar bir qadın doğulduğu gündən 32 yaşına qədər ailəsi tərəfindən cəmiyyətdən təcrid edilmişdir. Tapıldıqdan sonra edilən bütün cəhdlərə baxmayaraq Chelsea dil mənimsəmə adına heç bir irəliləyiş əldə edə bilmədi. Sadalan hər iki halda dil ilə təmas KD-dən sonra baş verdiyinə görə dili mənimsəmək demək olar ki, qeyri mümkün olmuşdur. Əldə edilən nəticələrə əsasən Curtiss Lennebergin KD fərziyyəsinin (əlbəttə ki, bir çox əlavələrlə) birinci dilin mənimsənilməsidə rolunu bəlli ölçüdə isbat etməyə nail olmuşdu.

İkinci dilin mənimsənilməsində KD-nin rolu

20 əsrin sonlarına doğru KD-nin ikinci dilin mənimsənilməsində/öyrənilməsindəki önəmini araşdırmaq üçün bir sıra təcrübələr həyata keçirilməyə başladı. İlk vaxtlar Lennebergi dəstəkləyənlər onun yolunu davam etdirərək bu fərziyyənin sadəcə birinci dil üçün əhəmiyyət kəsb etdiyini söyləyirdilər. Sonradan, ikinci dilin öyrənilməsi və öyrədilməsi məsələsinə verilən əhəmiyyət və bu prosesdə qarşıya çıxan problemlərin həlli üçün edilən cəhdlər, yuxarıda da qeyd edildiyi kimi, KD-nin ikinci dilin öyrənilməsində rolunu araşdırmaq zəruriyyətə çevrildi. Doğrudur ki, ilk vaxtlar aparılan tədqiqatlar ikinci dil öyrənilməsi prosesinin sadəcə ilkin bir neçə ayına fokuslandığı üçün, nəticələr bir o qədər də inandırıcı qəbul edilmirdi. Lakin, sonradan ikinci dilin mənimsənilməsini uzun müddət araşdıran, müxtəlif təcrübələrlə əsaslandıran tədqiqatlar meydana çıxmağa başladı (4). Əsas məqsəd, Lennebergin fərziyyəsinin ikinci dil üçün də bəlli ölçüdə keçərli olduğunu isbat etmək idi. Elə ilkin təcrübələrdən göründü ki, ikinci dilin ana dili kimi öyrənilməsində spesifik bir yaş həddi yoxdur, amma kritik dövr var. Növbəti mərhələdə isə məqsəd bu kritik dövrün sərhədlərini dəqiqləşdirmək idi. Bu məsələnin həlli həm də ikinci dili hansı yaşda daha effektiv şəkildə öyrənməyi və tədris etməyin mümkünlüyünü ortaya çıxaracağı üçün əhəmiyyətli idi. İndi sizə təqdim edəcəyim araşdırma 1989-cu ildə Elissa Newport və Jacqueline Johnson tərəfindən həyata keçirilib. Bu araşdırmanın əvvəlkilərdən fərqi uzun müddətli müşahidə və tədqiqatları özündə cəmləşdirməsidir. Ümumiyyətlə, dilçilikdə, bu araşdırmaya qədər olan tədqiqatlar çox qısa müddəti əhatə etdiyi üçün, yetişkinlərin nəticələrinin uşaqlardan daha yaxşı olduğuna əsaslanaraq KD-nin ikinci dil öyrənilməsi üzərində təsiri uzun müddət inkar edilmişdir (5) (6) (7). Halbuki, sonrakı tədqiqatlar göstərdi ki, yetişkinlərin nəticələri qısa müddətlidir və uşaqlar nəticə etibarı ilə dili daha yaxşı mənimsəyirlər (8). Newport və Johnson tərəfindən aparılan araşdırmada ABŞ-da yaşayan, ABŞ-a gəlmə yaşlar 9-39 arası olan və ana dili Çin və ya Korea dili olan 46 mühacir test edilmişdir (9). Bu dillərin seçilməsi də təsadüfi deyildi. Çin və Korea dilləri struktur cəhətdən ingilis dilindən ciddi şəkildə fərqlənir. Gəlin həmin araşdırma ilə biraz da yaxından tanış olaq. Test edilmək üçün insanların seçilməsində diqqət edilən məsələlərdən biri də bu insanların ABŞ-a köç etdikləri yaş dövrü idi. Bütün test olunanların ingilis dili ilə təması bu dildə ana dilində danışan adamlar vasitəsilə olmuşdur. Seçilənlərin hamısı ən az 5-6 il müddətinə (3 il ara vermədən) ABŞ-da yaşayırdı. Araşdırmanı daha da obyektiv edə bilmək üçün test olunan insanlar İllinois Universitetinin tələbə və müəllim heyətindən seçilmişdi. Dolayısı ilə, test olunanların mənşəyi bir-birinə yaxın idi. Araşdırmaçılar test etdikləri insanları ABŞ-a erkən yaşda və gec gələnlər olaraq iki qrupa bölürlər. Erkən yaşda gələnlər qrupuna 15 yaşından əvvəl ABŞ köçənlər aid edilir (23 nəfər). 17 yaşından sonra gələnlər isə (23 nəfər) gec gələnlər qrupuna əlavə edilir. İki qrupdakı insan sayının eyni olması da diqqət edilməli amillərdən biridir. Aşağdakı cədvəldən də aydın oluğu kimi insanlar test edilərkən artıq ən azı 5 il ABŞ-da yaşayırdılar.

Cədvəl 1. Tədqiqatda iştirak edən insanların ABŞ-a köçdükləri yaş və burada yaşama müddətləri

ABŞ da yaşama müddəti (il)

Gəlmə yaşı

3-15

17-39

3-6

4

7

7-10

10

11

11-15

9

3

23-26

0

2

Test edilən insanlara ingilis dilində səsləndirilmiş 276 sadə cümlə təqdim olunur. Onlar qulaq asaraq (hər cümləyə 2 dəfə olmaqla) bu cümlələrin ingilis dili qrammatikası görə doğru olub olmadığını müəyyənləşdirirlər. Onu da qeyd etməliyik ki, bu cümlələr həmçinin 23 nəfər ana dili ingilis dili olan insanlara da dinlədilirdi. Dinlədilən cümlələr inglis dilinin sintaktika və morfologiyasına aid 12 müxtəlif aspekti əhatə edirdi. Onların yarısı ingilis dili qramatikasına görə doğru, yarısı isə səhv idi. Testin nəticələrinə əsasən ABŞ-a erkən gələnlər qrupuna aid olanlar gec gələnlərə nisbətən daha yaxşı nəticələr sərgilədilər.

Şəkil 3. Təcrübədə iştirak edənlərin müxtəlif yaş qrupundakl insanların ingilis dili nəticələri.(Mənbə: Johnson & Newport, 1989)Müqayisəyə ingilis dilində ana dili olaraq danışanların da nəticələri əlavə edilir. Aşağıdakı qrafikdən də göründüyü kimi, 3-7 yaşları arasında ABŞ-a köç edənlər ABŞ-da doğulan insanlarla eyni nəticəni göstərmişlər. İngilis dilini mənimsəməyə başlama yaşı artdıqca nəticələr tədricən aşağı düşməyə başlayır. Bu düşüş 17 yaşlarına qədər davam edir və ondan sonra az fərqlərlə stabil qalır. Bu nəticələrlə də müəlliflər ikinci dilin mənimsənilməsində KD-nin rolunun əhəmiyyətli olduğunu sübut edə bildilər. Beləliklə onlar vurğulayırlar ki, dilin mənimsənilməsində kritik bir dövr var və bu dövr ərzində ikinci bir dili ana dili səviyyəsində öyrənmək mümkündür. KD-nin sonlarına yaxınlaşdıqca bu bacarıq tədricən azalır və nəhayət mümkünsüz hala gəlir.

Yaxşı, bəs bu KD-yə nə səbəb olur? Müəlliflərin KD-nin izahı üçün maraqlı bir fərziyyələri var: püxtələşmə halı fərziyyəsi (ing. maturational state hypothesis). Bu fərziyyəyə əsasən uşaq beyninin dilləri mənimsəmədə xüsusi bir qabiliyyəti var, püxtələşmə prosesi getdikcə bu qabiliyyət azalır və nəhayət tamamən itir. Kritik dövrdən sonra isə yeni dil ilə təmasda mənimsəmə deyil, dili öyrənmə prosesi baş verir. Əslində, bəzi yetişkinlər dil öyrənmədə uşaqlardan daha müvəffəq olurlar, yəni grammatik qaydaları daha sürətli öyrənirlər, amma nəhayətində uşaqlar dili ana dili kimi mənimsəmiş olurlar, böyüklərdə isə bu alınmır. Bu nöqtədə belə bir sual meydana çıxır. Fərz edək ki, bir uşaq 7-8 yaşına qədər, yəni KD-nin bitməsindən əvvəl 2 fərqli dilin təsirinə məruz qalır və hər ikisini öyrənir. O zaman, bu uşaq iki dildə də ana dilində danışan adam sayıla bilərmi? Jurnalımızın gələn sayında bu mövzu haqqında ətraflı danışmağa çalışacağıq.

Sonda isə, deyə bilərik ki, əgər bir dili bəlli bir yaşdan sonra öyrənməyə başlamışıqsa o dildə ana dilində danışan adam olmağımız demək olar ki, mümkün deyil. Başa düşürəm ki, bəzilərimiz yazının belə minor notlarla bitməsinə məyus olacaq, amma heç olmasa ikinci dili niyə ana dili kimi öyrənə bilməməyimizin səbəbini öyrənmiş olduq.

Mənbələr

1. Lenneberg, E. (1967). Biological foundations of language. New York: Wiley.

2. Curtiss, S. (1977). Genie: A Psycholinguistic Study of a Modern-Day Wild Child. New York: Academic.

3. Curtiss, S. (1988). A case of Chelsea: A new case of critiral period for language acquisition. Unpublished Transcript, 63-100.

4. Krashen, S. (1982). Accounting for child-adult deferences in second language rate and attainment. child-adult deferences in second language acquisition, 202-226.

5. Asher, J., & Price, B. (1967). The learning strategy of total physical response: Some age differences. Child Development, 38, 1219-1227.

6. Olson, L., & Samuels, S. (1973). The relationship between age and accuracy of foreign language pronunciation. ournal of Educational Research,, 66, 263-267.

7. Snow, C., & Hoefnagel-Hohle, M. (1978). The critical period for language acquisition: Evidence from second language learning. Child Development, 49, 1114-1128.

8. Carey, S., & Gelman, R. (1991). The Epigenesis of Mind. New Jersey: Lawrence Erlbaum Associates Publishers.

9. Newport, E., & Johnson, J. (1989). Critical Period Effects in Second Language Learning: The Influence of Maturational State on the Acquisition of English as a Second Language. Cognitive Psyhology, 60-70.


Rəsm əsəri: Henry Brooker (1848-1940) – Kritik An (ing. A Critical Moment) (1889). (Mənbə: Victorian British Painting)

One thought on “Dilin Öyrənilməsində Kritik Dövrün Rolu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt