Bütün Dərslik Tərcüməçiləri, Təşkilatlanın! – Tərcümə Hərəkatı (3)

Campbell Biologiya dərsliyinin tərcüməsində bizə göstərilmiş dəstəkdən və diqqətdən ilhamlanaraq oxşar fəaliyyətlə məşğul olmaq istəyən yoldaşlara dəstək üçün biz də öz növbəmizdə əlimizdən gələni etməyə çalışırıq. Əvvəlki yazılarda oxucularla birlikdə tərcümə olunmalı dərslik siyahısı hazırlamış, tərcümə üçün praktiki məsləhətlər vermişik. Bir tərcümə layihəsini gerçəkləşdirmək üçün ən vacib məsələlərdən biri komanda qurmaqdır ki, bu məsələyə indiyə qədər toxunmamışdıq.

Bu yazıda dərslik tərcüməsi üçün komanda qurmaq istəyən yoldaşların işini asanlaşdırmaq üçün saytımıza əlavə etdiyimiz iki səhifəni izah edəcəyik. Müşahidələrimizə əsasən dərslik tərcüməsi işinə töhfə verə biləcək çox sayda adam olsa da, onların bir-birini tanımaması işlək komandaların qurulmasının qarşısını alır. Elmi Spektr indiyədək bu mövzuda yazdığı yazılar, başlatdığı layihədən dolayı bu işdə maraqlanan insanların bildiyi ortaq bir yer olduğuna görə, onların bir-birilə tanışacağı əlverişli yer ola bilər. Bütün bunları nəzərə alaraq saytımız üzərindən artıq tərcümə etmək istədiyiniz kitabı təklif edə və mövcud layihələrin arasından sizə maraqlı olan və töhfə verə biləcəyiniz kitabın tərcümə komandasına qoşula bilərsiniz.

1. Yeni Komanda Qurmaq

Deyək ki, müəyyən bir sahə üzrə uzun illər təhsil almısız, bu sahənin fundamental kitablarından istifadə etmisiz və bu kitabları dilimizə qazandırmaq üçün boş vaxtlarınızda kitabı tərcümə etməyə hazırsınız. O zaman, saytımızda yeni yaratdığımız Komanda Qur! səhifəsinə daxil olub bu iş üçün sizinlə əməkdaşlıq edəcək insanlar cəlb etməyə başlaya bilərsiniz (bu səhifə həm də menyudakı Habitat Layihəsinin içindədir). Bu səhifədə ilk qabağınıza çıxacaq şey mövcud layihələrin və onlarda iştirak edən insanların siyahısıdır (bu yazı yazıldığı zaman sadəcə bir layihə həyata keçirilməkdədir.). Tərcümə etmək istədiyiniz kitabın bu siyahıda olmadığından əmin olduqdan sonra aşağı düşüb, kitab təklif formunu doldurmalısınız. Burada özünüz, təcrübəniz haqda məlumatlar əlavə edib, tərcümə etmək istədiyiniz kitabın detallarını əlavə edirsiniz.

Siz bu formu doldurduqdan sonra biz təklif etdiyiniz layihəni öz layihəmizlə birgə müvafiq cədvələ yerləşdirib, sosial media hesablarımızdan paylaşırıq. Bundan əlavə, layihə üçün qeydiyyat formu yaradıb, saytımıza yerləşdiririk və o form hər dəfə doldurulanda sizə email gəlir. Bu emaildə sizə qoşulmaq istəyən şəxsin əlaqə və digər məlumatları olur. Beləliklə, saytımızı ziyarət edən şəxslər sizin haqda, kitab haqda məlumat alır və əgər qoşulmaq istəyirlərsə birbaşa sizinlə əlaqə məlumatlarını paylaşır.

2. Mövcud Layihəyə Qoşulmaq

Əgər mövcud layihələrin içindən hansınasa kömək etmək istəyirsinizsə, o zaman Tərcüməyə Qoşul! səhifəsindəki qeydiyyat formlarını doldurmalısınız. Bu səhifədəki mövcud layihələrin siyahısında istədiyiniz layihəni müəyyənləşdirdikdən sonra, aşağı düşüb həmin layihənin qeydiyyat formunu doldurmağınız xahiş olunur. Formu göndərdikdən sonra müvafiq komandanın üzvləri sizinlə əlaqəyə keçib növbəti addımlar haqda məlumatlandıracaq.

Tapışandan Sonrakı Mərhələlər

Elmi Spektrin burada məqsədi insanların bir-birini tapmasıdır. Bunun üçün bizim əlimizdən gələn saytımıza müxtəlif formlar və cədvəllər qoymaqdır, məsələnin davamı isə komandanın üzvlərindən asılıdır. Buna baxmayaraq, əgər bu işə maraq artarsa tərcümə işindəki təcrübəmizi sizinlə bölüşmək üçün bir google qrupu açıb, ordan müxtəlif komandaların bir-birilə ünsiyyət qurmasına imkan yaradacağıq.


Rəsm: Gustav Klutsis

Posts created 232

One thought on “Bütün Dərslik Tərcüməçiləri, Təşkilatlanın! – Tərcümə Hərəkatı (3)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top