Çarlz Darvin, 1840, George Richmond.

Bir alimi necə komaya salmaq olar: Təkamül, I hissə

Elm dünyası gündən günə genişlənir. Araşdırmalar getdikcə sıravi insanların üfüqlərində itir. Fizikaçı olmayan birinin termodinamika sahəsindəki yenilikləri izləməsi müşgül məsələdir. Sitologiya təhsili olmayan birinin xərçəng araşdırmalarını anlaması demək olar ki mümkün deyil. Bununla belə, elmə olan maraq artmaqdadır. Elm hər keçən gün daha da ictimailəşir. İlk baxışdan bunu müsbət qarşılamaq olar. Lakin öz işi ilə əlləşən elm adamları başlarını qaldıranda tez-tez öz sahələri ilə bağlı yayılmış yanlış fikirlərin şahidi olurlar. Belə hallarda müxtəlif insanlar müxtəlif reaksiyalar verir.

Bu seriyanı da mənim reaksiyam saymaq olar. Bu və növbəti yazılarda müxtəlif elm sahələri ilə bağlı yayılmış anlaşılmazlıqlara və yanlış məlumatlara aydınlıq gətirməyə çalışacağam. İlk mövzumuz ən çox müzakirə olunub ən az araşdırılan sahələrdən biri, təkamüldür.


SMBC comics

Təkamüllə bağlı yayılmış əsassız iddiaların, səhv fikirlərin və bəzən hətta açıq-aydın yalanların sayı hesabı yoxdur. Mövzumuz geniş olduğundan, iki hissədə müzakirə edəcəyik. Bu yazıda təkamül ideyasından, Darwindən və məsələ ilə bilvasitə əlaqəli digər mövzulardan danışaq. İkinci yazıda isə nəzəriyyənin daxili detallarını müzakirə edək.

Təkamül ideyasının banisi

“Onsuz da Darwin ölümündən qabaq səhv olduğunu boynuna alıb.” [i]

Çoxları Charles Darwini təkamülün mütləq “babası” kimi tanıyır; sanki 1859-cu ilə qədər dünya tanrının istədiyi kimi fırlanıb gedirmiş və bir anda Darwin tanrının qarşısına çıxıb onu sorğu suala tutmağa başlayıb. Əslində təkamül ideyasının tarixi eramızdan əvvələ, antik Yunanıstana qədər gedib çıxır.

Söhbət dünyanın yaranması ilə bağlı miflərdən getmir (bunların tarixi daha qədimə dayansa da mövzumuzla bir o qədər də əlaqəli deyil). Təkamül fikrinin elmi müstəvidə ilk təhlili Empedokla aid edilir. O, ibtidai formada da olsa, insanlar da daxil olmaqla bütün canlıların mənşəyini izah etməyə çalışır. Empedokl e.ə. V əsrdə yaşayıb ki, bu dövrdən çox kiçik miqdarda ədəbiyyat XXI əsrə gəlib çıxıb. Elə bu səbəbdən də, Emepdoklun düşüncələrini yalnız Platon və Aristotel kimi filosofların öz yazılarında ona etdikləri istinadlardan öyrənə bilirik. Bəs Empedokl təkamüllə bağlı nə deyirdi?

İlk növbədə, Emepdoklun ümumi fəlsəfəsini başa düşməyə çalışaq. Belə ki, filosofa əsasən, dünya dörd elementdən (hava, od, su və torpaq) ibarətdir; bu dörd elementi hərəkət gətirən iki qüvvə (sevgi və təzad) var. Sevgi bir yerə gətirir, təzad isə bir-birindən ayırır. Fiziki dünyadakı dəyişikliklər – obyektlərin yaranması və məhvi – bu qüvvələrlə izah olunur. Təkamüllə bağlı fikirlər bu kosmologiyanın davamında gəlir. Sözügedən proseslər nəticəsində, “boğazsız sifətlər ortaya çıxmışdı, çiyinsiz qollar havada uçuşurdu və alınsız gözlər ora-bura gedirdi.”1 Sonra bu orqanların təsadüfi birləşmələri nəticəsində fantastik canlılar ortaya çıxır. Daha sonra isə “hələ gözəgəlimli əl-ayaqları və ya səsi olmayan” insan formaları yaranır.2

Müasir elmi prizmadan baxdıqda, Empedoklun düşüncələri bir o qədər də diqqətəlayiq görünmür, lakin tarixi kontekstində təhlil etdikdə, onların önəmini dərk etmək heç də çətin deyil. Dəyişiklikləri çılpaq gözlə müşahidə edə bilmədiyi halda belə dəyişikliklərin baş verdiyini iddia etməsi – Empedoklun fantastik kosmologiyasının tarixi önəmi bundan ibarətdir.

Empedokl [3]

Orta əsrlərdə xristian dünyasına çevrilmiş Avropada bu tipli düşüncələrə bir o qədər də yer yox idi. İntihab dövründən etibarən, qərb sivilizasiyasının xristian təməlləri sərt tənqidə məruz qaldı və xristian ideyalarına alternativlər baş qaldırmağa başladı. XIX əsrə qədər təkamül Descartes, Leibnitz, Herber və hətta Charles Darwinin babası Erasmus Darwin kimi bir çox intellektual tərəfindən müxtəlif formalarda müzakirə edilmişdi. Darwin öz nəzəriyyəsi üzərində işlədikdə isə artıq təkamül təbiətşünaslar və paleontoloqlar arasında ciddi şəkildə müzakirə olunurdu. Hətta 1793-cü ildə Jean-Baptiste Lamarck artıq özünün ayrıca təkamül nəzəriyyəsini irəli sürmüşdü. Bu nəzəriyyə sonradan təkzib olunsa da [ii] tarixi əhəmiyyətə malikdir. Darwin öz işlərini yekunlaşdırmaq üzrə ikən Alfred Russell Wallace adlı digər bir təbiətşünas da təbii seçmə nəzəriyyəsinin demək olar ki eynisini Darwindən ayrıca formalaşdırmışdı.4

Bu bir paraqraflıq tarixçədə üzərindən keçdiyimiz çox məqam var. Təkamül nəzəriyyəsi XVIII-XIX əsrlərdə formalaşsa da, ümumi təkamül ideyasının iki min ildən uzun tarixi var. Darwin bu tarixdə önəmli rol oynayır, lakin onu peyğəmbərləşdirmək (və ya şeytanlaşdırmaq) əsassızdır.

Darwinin hal-hazırkı elmi əhəmiyyəti

Darwinin filan arqumenti yanlışdır, deməli təkamül nəzəriyyəsi səhvdir.

və ya

“Darwin hər şeyi düz deyib, boş-boşuna səhv axtarmayın.

Təkamülçü-yaradılışçı debatlarında tez-tez rast gəlinən yanlış anlaşılmalardan biri də budur. XIX əsrdən bu yana təkamül nəzəriyyəsinin tənqidi ilə Darwinin şəxsi təkamül anlayışının tənqidi səhv salınır. Bu tənqidlərin doğru və ya yanlış olması önəmli deyil. Darwin təkamül nəzəriyyəsinin ilkin müəllifidir, bəli, lakin elm irəlilədikcə ortada hipotezlər, təcrübələr, nəzəriyyələr qalır, müəlliflər yox. Çağdaş təkamül nəzəriyyəsi Darwininkindən xeyli fərqlənir. XX əsrin əvvəllərində Mendel genetikası və Darwinizmin birləşməsi ilə “Modern Sintez” ortaya çıxdı. Bu nailiyyətin arxasında Dobjanski, Fisher, Huxley kimi elm adamları dururdu, Darwin yox. Sintezin ərsəyə gəlməsinin xeyli uzun hekayəsi var ki, biz burada ancaq onun üzərindən keçə bilərik.

Modern Sintez ifadəsi 1942-ci ildə (Julian Huxley tərəfindən) formalaşdırılmış olsa da, onun təməlləri hələ əsrin astanasında ikən atılmağa başlanmışdı. Söhbət müasir statistika elminin banisi Ronald Fisher-dən gedir. O, statistik araşdırmaları ilə birbaşa əlaqəli olaraq, genetika elmini də zəruri riyazi əsaslarla təmin etdi. Bu gün populyasiya genetikası adı ilə bildiyimiz sahənin əsasını qoydu. Fisher-in açdığı yolla irəliləyərək başqa bir riyaziyyatçı, J.B.S. Haldane və ixtisasca genetik olan Dobrjanski Mendel genetikasını və təkamül nəzəriyyəsini birbaşa əlaqələndirdilər. Təkamül nəzəriyyəsindəki bu konsept dəyişikliklərindən bəhrələnən elm adamlarından biri də Ernst Mayr oldu. O bu yeni metodları növ probleminə – nəzəriyyənin ən aktiv araşdırma sahələrindən birinə – tətbiq etdi. Mayrın bu mövzuda əsas töhfələrindən biri növ anlayışını bir-birinə görünüşcə bənzəyən canlılar qrupu olmaqdan çıxarıb, yalnız öz aralarında cütləşib çoxala bilən canlı qrupuna çevirmək idi.5

Yuxarıda adı çəkilənlər Modern Sintezin banisləri sayılır. Amma bu layihənin ərsəyə gəlməsində adını çəkmədiyim – və bilmədiyim – yetərincə araşdırmaçının rolu var. Və Modern Sintez heç də təkamülün irəlilədiyi tək istiqamət deyil. 1859-cu ildə Növlərin Mənşəyi Üzərinə çap ediləndən bəri paleontologiyadan tutmuş anatomiyaya qədər bir çox sahədə təkamülşünasları maraqlandıran saysız yeniliklər, o cümlədən, Darwinin təxmin etmədiyi təkamül mexanizmləri üzə çıxıb və çıxmaqdadır (bax: Qeyd [ii]). İstənilən elmi iddia sorğulanmaya açıqdır, lakin bu sorğulamaları XIX əsrdən qalmış bir elmi əsərə yox, 150 illik inkişaf yolu keçmiş nəzəriyyənin çağdaş halına yönəltmək lazımdır.

Darwinin digər elmi işləri

Həqiqətən “güclü” alim idisə bəs niyə təkamül nəzəriyyəsindən başqa ciddi bir işi yoxdur?

Bəzi tarixi personajların bir xüsusiyyəti – hansısa bir işi, görüşü və s. – o qədər qabardılır ki, artıq onun həyatının digər aspektləri arxa planda qalır. Darwin də belələrindəndir. Onun karyerası təkcə təkamül nəzəriyyəsindən ibarət deyildi. O Növlərin Mənşəyi Üzərinə adlı kitabını nəşr etdirənə qədər artıq dünya səviyyəli təbiətşünas və geoloq kimi tanınırdı.

Məsələn, 1842-ci ildə çap edilən Mərcan Riflərinin Quruluşu və Yayılması adlı monoqrafı sayəsində Darwin hələ 1853-cü ildə Kral Cəmiyyəti tərəfindən Kral Medalı ilə təltif olunmuşdu. Bu mükafat hər il yalnız iki nəfərə təqdim olunurdu ki, bu da Darwinin nə qədər önəmli biri olduğunu göstərir. 1864-cu ildə o zamanlar Britaniyada ən prestijli elmi mükafat sayılan Copley medalını aldıqda, Charles Darwin “Geologiya, zoologiya və botaniki fiziologiya sahələrində önəmli araşdırmalarına görə” təltif olunmuşdu6, hansısa bir nəzəriyyəyə görə yox.

Copley medalının bir nümunəsi, 1772[v]

Nəzəriyyə yoxsa “Qanun?”

Və gələk bioloqların başını ən çox ağrıdan hissəyə:

“Təkamül sadəcə nəzəriyyədir, qanun deyil.”

(Bu cümləni bir təkamülşünası komaya salmaq üçün istifadə etmək olar.)

Əslində bu iddia doğrudur: təkamül həqiqətən də qanun deyil. Lakin elmi qanun bu iddianı edənlərin fikirləşdiyi mənanı vermir. Nəzəriyyə bir məfhumun səbəblərini izah edir, qanun isə müşahidə olunan məfhumu təsvir edir. Yəni ki hansısa bir nəzəriyyə qanun statusuna “qalxa” bilməz; qanunlar və nəzəriyyələr arasında səviyyə yox, kateqoriya fərqi var. Daha konkret şəkildə izah etmək üçün bir nümunə gətirək. Newtonun ikinci qanunu ən məhşur formada belə ifadə olunur:

F = ma

Sözlə ifadə etsək, vahid çəkili obyektin təcili ona tətbiq olunan qüvvə ilə düz mütənasibdir. Bunun fərziyyə yox qanun sayılmasının [iii] səbəbi təkamüldən daha dəqiq bilinməsi deyil. F = ma qüvvənin obyektə necə təsir etdiyini izah edir, proseslə bağlı təxminlər etməyimizə imkan yaradır. Qüvvə və təcil arasındakı əlaqəni interaktiv şəkildə araşdırmaq mümkündür. Təcrübələr etmək, onları təkrarlamaq, təcrübə şərtlərini dəyişmək, alınan fərqli nəticələri bir-biri ilə müqayisə etmək imkanı bəs qədərdir. Bu şəkildə gələcək təcrübələrlə bağlı təxmin etmə qabiliyyətinə yiyələnirik. Etdiyimiz ədədi təxminlər araşdırma mövzumuzun səbəb-nəticə əlaqələrini öyrənməkdə yardım edə bilər, lakin onları birbaşa izah etmir. Təkamül nəzəriyyəsi (orijinal adı ilə desək, təbii seçmə yolu ilə təkamül nəzəriyyəsi) isə işə Newton qanunlarının qaldığı yerdən davam edir. Müşahidələrdən və təcrübələrdən əldə olunmuş məlumatlar əsasında, heç də Newton qanunlarından daha çox şübhə altında olmayan bir təbiət məfhumunun – təkamülün – mexanizmlərini izah edir.


Qeydlər

[i] Bu iddia faktiki olaraq da yanlışdır. [kontekstə qayıt]

[ii] Lamarckın ideyaları son illərdə yenidən nəzərdən keçirilir. Limitli formada da olsa elmi ədəbiyyatda öz yerini möhkəmləndirir. [kontekstə qayıt]

[iii] Newtonun “qanunları” artıq yüz ildən çoxdur ki Enşteynin məhşur xüsusi və ümumi nisbilik nəzəriyyələri ilə əvəz olunub. Artıq qanun sayılmasalar da, şərti olaraq belə adlandırılırlar. [kontekstə qayıt]


Mənbələr

1. Kranz, Walther, and Hermann Diels. Die Fragmente Der Vorsokratiker: Griechisch Und Deutsch. Weidmann, 1910.

2. Parry, Richard, “Empedocles”, The Stanford Encyclopedia of Philosophy (Fall 2016 Edition), Edward N. Zalta (ed.), URL = https://plato.stanford.edu/archives/fall2016/entries/empedocles/

3. Stanley, Thomas. “The History of Philosophy: containing the lives, opinions, actions and discourses of the philosophers of every sect, illustrated with effigies and divers of them.” (1687)

4. “History of Evolution.” Internet Encyclopedia of Philosophy, https://www.iep.utm.edu/evolutio/

5. Mayr, Ernst. Systematics and the origin of species, from the viewpoint of a zoologist. Harvard University Press, 1999.

6. Pattenden, Holly, and Laurie Winkless. “Copley Winners That Changed the World.” Inside Science , The Royal Society, 18 May 2016, https://blogs.royalsociety.org/inside-science/2016/05/18/copley-winners-that-changed-the-world/.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt