Alınma xüsusi isimlərin Azərbaycan dilində yazılışı normaları

Alınma xüsusi isimlərin qəbul olunmuş normaları ilə bağlı açıq müzakirələr aparılmış və mövqe məqalələri dərc edilmişdir. Habitat Tərcümə Layihəsinin (HTL) üzvlərinin bu müzakirələrdə mövqeyi bundan ibarətdir ki, hal-hazırda qəbul edilmiş müvafiq normalar yetərsizdir. Bu səbəblə, layihənin mətnləri üçün yeni, dilin gələcəkdə daha da standartlaşmasına xidmət edəcək normalardan istifadə edilir. Bu mövzu barəsində konkret qaydaların olmamasından əziyyət çəkənlər üçün daha sistematik şəkildə əməl edə biləcəkləri qaydalar toplusunu ictimaiyyətlə paylaşırıq. HTL çərçivəsində hazırlanan mətnlərdə alınma xüsusi isimlərin yazılışı aşağıda qeyd edilmiş normalara əsaslanır.

  1. Latın qrafikalı əlifbalı dillərdən keçən xüsusi isimlərin yazılışı:
    1. Latın qrafikalı dillərdən keçən insan adları şəkilçi qəbul etmədikdə olduğu kimi yazılır: Albert Einstein, Søren Aabye Kierkegaard və s.
      1. Bu sözlərin şəkilçi qəbul etməsi ahəng qanununu saxlamaq şərtilə defis vasitəsilə baş verir: Jeffrey-nin, Boris-in, Sartre-ın,  və s. Şəkilçinin ahəng qanuna uyması üçün sözdəki son saitin oxunuşu sözün müvafiq dildə oxunuşuna uyğun olaraq təyin olunur.
    2. Yer adlarının yazılışı:
      1. Yer adlarının yazılışı zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin (ARNK) “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi haqqında 174 nömrəli qərarının 2-ci və 3-cü maddələri əsas götürülür [1]: Şotlandiya, Türkiyə, Saksoniya və s.
    3. Bioloji növ adlarının yazılışı: 
      1. Bioloji növ adlarının yazılışı zamanı “International Code of Zoological Nomenclature” [2] və “International Code of Nomenclature for algae, fungi, and plants” [3] normaları əsas götürülür.
      2. Bioloji növ adları şəkilçi qəbul etdikdə ad və şəkilçi arasına defis artırılır və şəkilçi ahəng qanununa uyğun olaraq əlavə edilir: Homo sapiens-in
    4. Elmi qısaltmaların yazılışı:
      1. Alındığı dilin danışıq kontekstində qısaltmaları ilə bilinən terminlərin (COVID-19, RNA, ATP, o cümlədən, bir çox gen adı, və s.) yazılışı orijinal qısaltmaya uyğun yazılır.
      2. Qısaltmaları ilə yox, əsasən uzun adları ilə bilinən terminlər Azərbaycan dilindəki qısaltmalarına uyğun şəkildə yazılır (məsələn, endoplazmatik şəbəkə, EŞ).
  2. Digər əlifbalı dillərdən keçən xüsusi isimlərin yazılışı:
    1. Digər əlifbalı dillərə aiddir: ərəb, fars, rus, gürcü, erməni və s. qrafikalı əlifbalı dillər.
    2. Digər əlifbalı dillərdən keçən xüsusi isimlərin yazılışı zamanı, əksi qeyd edilmədiyi təqdirdə, ARNK-nin 174 nömrəli qərarının 2-ci və 3-cü maddələri əsas götürülür.
    3. Digər əlifbalı dillərdən keçən xüsusi isimlərin yazılışı zamanı aşağıdakı hallarda ARNK-nin 174 nömrəli qərarının 2-ci və 3-cü maddələri əsas götürülmür:
  3. Əlifbasız (yazı sistemi əlifba olmayan) dillərdən keçən xüsusi isimlərin yazılışı:
    1. Əlifbasız dillərə aiddir: mandarin, kantonca və s.
    2. Əlifbasız dillərdən keçən sözlər bu dillərin beynəlxalq latınlaşdırma metodlarına uyğun şəkildə yazılır.
    3. Bu metodlara aiddir: mandarin dili üçün pinyin, yapon dili üçün Hepburn, və s.

Mənbələr

  1. Azərbaycan Respublikası Nazirlər Kabineti, 2019. “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi haqqında, 2-ci və 3-cü maddələr.
  2. W.D.L. Ride et al. 2012. International Code of Zoological Nomenclature.
  3. Turland, N.J., Wiersema, J.H., Barrie, F.R., Greuter, W., Hawksworth, D.L., Herendeen, P.S., Knapp, S., Kusber, W.H., Li, D.Z., Marhold, K. and May, T.W., 2018. International Code of Nomenclature for algae, fungi, and plants (Shenzhen Code) adopted by the Nineteenth International Botanical Congress Shenzhen, China, July 2017. Koeltz Botanical Books.

Alınma xüsusi isimlərin Azərbaycan dilində yazılışı normaları” ilə bağlı bir rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt